FƏTULLAYEVİN MƏHKƏMƏSİNDƏ İTTİHAM TƏRƏFİNİN ŞAHİDLƏRİNİN DİNDİRİLMƏSİ DAVAM EDİB

Bü  gün (28 aprel) Qaradağ Rayon Məhkəməsində İsmayıl Xəlilovun sədrliyi ilə E. Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə baxışı davam etdirlib.

Ötən məhkəmədən dindirilməsi dayandırılmış 12 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin rəisi Kərəm Şirinov tərəflərin və hakimin suallarını cavablandırıb. Şirinov narkotikin Fətullayevə digər şəxs tərəfindən atılmasına inanmadığını və bu narkotikin məhz Fətullayevə məxsus olduğunu iddia edib. Lakin Şirinov Fətullayevin paltarlarının gecə vaxtı və çimərkən nəzarətsiz qalıb-qalmaması il bağlı sualları cavablandıra bilməyib. Bundan əlavə Şirinov Fətullayevin axtarış aparılan zaman hal şahidlərinə etiraz etmədiyini, onun bütün hüquq və vəzifələrinin izah edildiyini və müvafuiq sənədlərin tərtib edildiyini bildirdi. Baş redaktorun vəkili İsaxan Aşurovun çıxışından məlum oldu ki, axtarışla bağlı tərtib edilən protokolda hal şahidlərinin və üzərində axtarış aparılan şəxslərin hüquq və vəzifələrinin onlara izah edilməsi barədə qeyd əks olunmayıb.  
     Prosesdə  sərbəst ifadə verən digər şahidlər 12 saylı Cəzaçəkmə  Müəssisəsinin rəisi Avtandil Ağayev və bu müəssisənin əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Bəhruz Quliyev olublar.  Ağayev vəkillərin suallarına cavab olaraq bildridi ki,  o axtaışın 29 dekabr saat 09.30-da aparılması barədə qərarı dekabrın 28-i iş gününün sonunda verdiyini bildirib. Bununla belə o dekabrın 29-u saat 09.30-da işə gəlmədiyini, yalnız Fətullayev tələb etdikdən sonra axtarış aparılan yerə gəldiyini təsdiqləyib. Ağayev qərarın 28-i verilməsinə, Fətullayevin 28-də, yəni qərarın verildiyi gündə əməliyyat şöbəsində bir neçə saat ərzində məktub qəbul etməsinə baxmayaraq, axtarışın niyə məhz 29-da keçirilməsi ilə bağlı sualı cavablandırmaqdan yayındı. “Halbuki məhkəmə qərarı olmadan axtarışın aparılması barədə qərar zərurət və təxirə salınmaz hallar olduqda qəbul edilir. Yəni axtarış qərar qəbul edilən gün aparılmalı idi, çünki məhkumlarda  narkotiklərin olması halı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir ”, – deyə Aşurov Ağayevin mövqeyini şərh edib.
      Bəhruz Quliyev öz ifadələrində axtarış zamanı Fətullayevin gödəkçəsinin heç də bütün hissələrini axtarmadığını, yalnız şübhələndiyi yerləri sökdüyünü və sökülən belə bir yerdən narkotik maddənin tapdığını bildirdi. Vəkillərin suallarını cavablandırdıqdan sonra məlum olub ki, Bəhruz Quliyev axtarış apardığı 3 nəfərdən ikisinin üzərindən narkotik maddə tapan, bu narkotik maddələri məhkəmə ekspertizasına aparan və ekspertizanın cavabını aldıqdan sonra Müəssisəyə gətirən şəxs olub. Ağayev və Quliyev bir sıra suallara “xatırlamıram”, “yadımda deyil” kimi cavablar veriblər.
      Prosedə  Fətullayev vəsatətlə çıxış edib. O tapılmış maddənin dərhal miqdarının çəkilmədiyini əsas gətirərək bunun Cinayət-Prosessual Məcəlıənin müddəalarına zidd olduğunu bildirdi. Fətullayev qərar verilərkən narkotik maddənin maddi sübut kimi qəbul edilməməsini xahiş etdi. Hakim bu vəsatətə baxılacağını bildirib.
      Növbəti proses aprelin 30-u saat 14.00-a təyin edildi.  
Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə qərar verib. Dünən açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

POLİS MEDİA HÜQUQU İNSTİTUTU HAQQINDA MƏLUMAT TOPLAYIR

Next Post

TƏHSİL NAZİRLİYİNDƏ ŞƏFFAFLIQLA BAĞLI PROBLEM VAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.