EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏSİNDƏ İTTİHAM TƏRƏFİNİN ŞAHİDLƏRİNİN DİNDİRİLMƏSİ BAŞA ÇATIB

Bu gün (30 aprel) Qaradağ Rayon Məhkəməsində İsmayıl Xəlilovun sədrliyi ilə E. Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib. İttiham tərəfinin sonuncu şahidləri – 12 saylı Cəzaçəkmə Müəssisəsinin rejim-nəzarət şöbəsinin rəisi Anar Əhmədov, rəisin növbə üzrə köməkçisi Faiq Salmanov və baş nəzarətçi Fərman Salmanov olublar. 

Tərəflərin suallarına cavab verərkən A. Əhmədov bildirib ki, gecə yatarkən Fətullayevin paltarlarının nəzarətsiz qalması mümkündür, amma o Fətullayevin paltarlarına narkotikin atılmasına inanmır.
Faiq Salmanov Fətullayevdən sarımtıl rəngdə olan bükülünün tapıldığını bildirdi. Digər şahidlər isə bükülünün içindəki kütlənin sarımtıl rəngdə olduğunu demişdilər. Axtarışın aparıldığı günün axşamından, yəni 28 dekabr 2009-cu ildən növbədə olan Faiq Salmanov Fətullayevdə hər hansı bir şübhəli hərəkətlərin görmədiyini qeyd edib.
Baş nəzarətçi Fərman Salmanov suallara cavabında bildirib ki, gödəkçə tam şəkildə sökülməyib, axtarışı aparan əməkdaş qış gödəkcəsini yalnız üst tərəfdən yoxlayıb və şübhələndiyi yerləri söküb. Fərman Salmanovun hakimin sualına verdiyi cavab onun istintaqa verdiyi cavabla ziddiyyət təşkil edib. Belə ki, hakim Salmanovdan narkotik maddəni iyləyib-iyləməməsini soruşduqda, o, bunu etmədiyini bildirib. Hakim isə istintaqa verdiyi ifadədə Salmanovun narkotik maddədən spesifik iyin gəldiyini qeyd etməsini bildirib və şahiddən hansı ifadəsinin doğru olduğunu soruşub. Salmanov tərəddüdlərdən sonra məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirib.  
Prosesin sonunda Fətullayev 3 may Ümumdünya Söz Azadlığı Günü münasibətilə həmkarlarını təbrik edib.
Növbəti proses mayın 4-ü saat 11.00-a təyin edilib.
Əlavə edək ki, Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad  Abdullayev  APA-ya açıqlamasında  Azərbaycan tərəfinin Eynulla Fətullayevlə bağlı qəbul olunan qərarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının şikayət  ünvanladığını bildirib.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə qərar verib. Dünən açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİNİN AÇILMAMIŞ JURNALİST ÖLÜMLƏRİ SİYAHISINDA ELMAR HÜSEYNOVUN QƏTLİ DƏ VAR

Jurnalistlərin Müdafiə Komitəsi (JMK) 3 May Dünya Mətbuat Günü ərəfəsində xüsusi hesabat  vermiş və jurnalistin ölümünə görə heç kəsin cəza almadığı 10 rəmzi hadisəni  diqqətə çatdırmışdır. Azərbaycan Jurnalistlərin Müdafiə Komitəsinin siyahısına daxil olan 10 ölkə arasındadır. Hesabatda deyilir:
“Həftəlik çıxan “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov prezident İlham Əliyevi kəskin tənqid etdiyi üçün tez-tez hökumətin zərbəsi ilə üzləşirdi. O, 2 mart, 2005-ci ildə mənzilinin qarşısında  güllələnmişdir. Binanın giriş hissəsində işıqlar və yaxımlığındakı telefon xətləri də  kəsilmişdi. İki il sonra isə keçmiş həmkarı Eynulla Fətullayev açılmamış qətlin istintaqını aparmış və Hüseynovun qətlinin Bakıda yüksək vəzifəli şəxslər tərəfindən sifariş edilməsini və kriminal qrup tərəfindən həyata
keçirilməsini bəyan etmişdir.”
Siyahıya daxil edilmiş digər ölkələr Fillippin, Rusiya, Şri-lanka, Livan, Meksika, İraq, Qambiya, Pakistan, və Burkina Faso olmuşdur.
Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin mart ayının 2-də axşam saat 20 radələrində yaşadığı mənzilin qarşısında odlu silahla qətlə yetirilmişdir. Ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.

Previous Post

JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİNİN AÇILMAMIŞ JURNALİST ÖLÜMLƏRİ SİYAHISINDA ELMAR HÜSEYNOVUN QƏTLİ D

Next Post

GƏNCLƏRİN KEÇİRDİYİ AKSİYADA MÜLKİ GEYİMLİ POLİSLƏR JURNALİSTLƏRƏ TƏZYİQ GÖSTƏRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.