FƏTULLAYEVİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏRİN DİNDİRİLMƏSİ DAVAM EDİB

Qradağ Rayon Məhkəməsində İsmayıl Xəlilovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru E. Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib. Proses zamanı 12 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat müvəkkili Eldar İsmayılov, təsərrüfat şöbəsinin böyük mütəxəssisi Şahmurad Soltanov və yeməkxana müdiri İsmayıl İsmayılov  şahid kimi dindiriliblər.

Təqsirləndirilən şəxsin üzərində axtarış aparılması haqqında protokolu tərtib edən E.İsmayılov Fətullayevin axtarışdan əvvəl axtrarışa etiraz edərək, vəkil tələb etdiyini təsdiqləyib. İsmayılov Fətullayevin gödəkcəsinin tam sökülmədiyini, tapılmış maddənin ölçüsünün çəkilmədiyini də vurğulayıb. İsmayılov 2009-cu il dekabrın 28-də, yəni axtarışdan bir gün əvvəl Fətullayevə əməliyyat şöbəsində külli miqdarda məktub təqdim edib. Jurnalistin vəkili İsaxan Aşurovun “dekabrın 28-də Fətullayevin hərəkətlərində hər hansı bir qəribəlik, qeyri-adilik hiss etminizmi” sualına İsmayılov “xeyr, müşahidə etməmişəm” cavabını verib.  
Şahmurad Soltanov axtarış otağına Fətullayevin üzərindən narkotik maddə tapmış Bəhruz Quliyev tərəfindən çağırıldığını bildirib. Üzərindən narkotik maddə tapılmış digər şəxs Şəmsiyevin narkotik maddədən imtina etməsini barədə qeydi Soltanov istintaqa verdiyi ifadəyə əlavə edib. Aşurov bu qeydin axtarışla bağlı tərtib edilən protokola niyə yazmadığını soruşduqda, Soltanov bu suala cavab verə bilməyib.
Yeməkxana müdiri İsmayıl İsmayılov iş üçün yeni olan heç bir söz deməyərək, əvvəlcədən verilmiş şahid ifadələrində işlədilən cümlələrdən istifadə edərək ifadə verib.
Növbəti məhkəmə baxışı digər şahidlərin dindirilməsi ilə mayın 7-i saat 11.00-da davam edəcək.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.
 
Previous Post

“XURAL” QƏZETİNƏ QARŞI İDDİA İCRAATA QƏBUL EDİLMƏDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.