“XURAL” QƏZETİNƏ QARŞI İDDİA İCRAATA QƏBUL EDİLMƏDİ

may 5th, 2010
Sabiq baş prokuror İxtiyar Şirinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya, qəzetin baş redaktorunun müavini Məlahət Zeynallıya və keçmiş müdafiə naziri Rəhim Qazıyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia icrrata qəbul edilmədən rədd edilib. Bu gün (04 may) Yasamal rayon məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında bu qərar qəbul edilib.

Cavabdeh Əvəz Zeynallının vəkili Elçin Sadıqov iddianın rədd edilməsi barədə vəsatət qaldırıb. O, vurğulayıb ki, “Xural” qəzeti Nərimanov rayonu ərazisində yerləşdiyinə görə, bu iddia Yasamal rayon məhkəməsində qaldırıla bilməz. “Həmçinin cavabdehlər – Əvəz Zeynallı və Məlahət Zeynallının ata adları və ünvanları iddiada göstərilməyib. Bu isə qanunvericiliyə ziddir” – deyən E.Sadıqov, iddianın da əsassız olduğunu qeyd edərək, baxılmadan rədd edilmsini istədi.
Xüsusi ittihamçı İxtiyar Şirin öz iddiasını müdafiə etdiyini bildirdi və cavabdehlər barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatət qaldırdı.
            Əvəz Zeynallı çıxışında vəkilinin vəsatəti ilə tam razı olduğunu bildirdi. O, əlavə etdi ki, cavabdeh Məlahət Zeynallının iddiaya səbəb olan məqalə ilə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də M.Zeynallıya qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddianın nə qanuna, nə də vicdana sığmadığını vurğuladı.
            Digər cavabdeh iddiaya səbəb omuş müsahibənin müəllifi Rəhim Qazıyev də bildirdi ki, bu işdə “Xural” qəzeti cavabdehlik daşımamalıdır. O, əlavə etdi ki, sözügedən müsahibədə xüsusi ittihamçı ilə bağlı heç bir təhqirə və böhtana yol verməyib.
Tərəfləri dinlədikdən sonra hakim iddianın qanunvericiliyə uyğun tərtib edilmədiyini əsas gətirərək, icraata götürülmədən rədd edilməsi barədə qərarı elan etdi.
Xatırladaq ki, iddiaya Rəhim Qazıyevin “Xural” qəzetinin 10-16 yanvar tarixli  sayında dərc olunmuş müsahibəsi səbəb olub. Müsahibənin bir hissəsində R.Qazıyev İxtiyar Şirinin mətbuata verdiyi açıqlamalara münasibət bildirib. Bu səbəbdən də İ.Şirin xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək, cavabdehlərə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət işi açılmasını istəmişdi.