Hüquq müdafiəçisi İntiqam Əliyevin Türkiyədəki vəkilləri Tora Pekin və Halil Kocabaş onun adından yazılmış şikayəti Bakirköy Dövlət Prokurorluğuna rəsmən təqdim ediblər(“Yeni Müsavat”).
Məlumatda bildirilir ki, şikayətdə İ. Əliyevin dekabrın 6-da İstanbulun Atatürk hava limanında zorakılığa məruz qalması faktı ilə bağlı cinayət işinin qaldırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması tələb edilir. Vəkillər prokurorluq qarşısında şikayətlə yanaşı bir neçə vəsatət də qaldırıb. Şikayətin obyektiv araşdırılmasının təmin olunması məqsədilə prokurorluqdan baş verənlərlə bağlı cinayət işinin qaldırılıb – qaldırılmaması, İ. Əliyevə qarşı zorakılıq edən şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi, onun dekabrın 6-dan 7-dək aeroportda olduğu müddətdə kamera görüntülərinin tələb olunması xahiş edilir.
Xatırladaq ki, dekabrın 6-da Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) prezidenti İntiqam Əliyev Vilnüsdə keçirilən beynəlxalq tədbirdən qayıdarkən İstanbul hava limanında saxlanılaraq fiziki hücuma məruz qalıb.