VƏKİLİ AYDIN CANIYEVLƏ GÖRÜŞÜB

Dekabrın 17-də vəkil Elçin Sadıqov “Xural” qəzetinin həbsdə olan bölgə müxbiri Aydın Canıyevlə görüşüb. Bu barədə bu gün (19 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna  (RATİ) vəkil E. Sadıqov məlumat verib.

Elçin Sadıqov  bildirdi ki, ötən həftə Lənkəran Rayon Polis Şöbəsinin təcridxanasında keçirilən görüşdə A.Canıyevlə onun hüquqlarının  müdafiə işləri ilə bağlı atılacaq addımları müzakirə ediblər:

“İlkin  məhkəmə hökmünün surəti hələ ki, bizə verilməyib. İttiham aktı isə Aydın Canıyevə yalnız məhkəmə hökmü oxunduqdan sonra təqdim olunub. Bunu qanun pozuntusu kimi qiymətləndirirəm. Həmçinin, Lənkəran Rayon Məhkəməsinin icraatında jurnalistin başqa bir işi də var. Qafqaz Müsəlmanları İdarəsi sədrinin Lənkəran nümayəndəsi Qəni Axundzadə jurnalisti “Xural” qəzetində dərc olunmuş yazısına görə məhkəməyə verib. Qəni Axundzadə təhqir olunduğunu iddia edir. Aydın Canıyevin həmin yazısı Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna linqvistik ekspertizaya göndərilib. Proses ekspert rəyindən sonra davam edəcək”.

Xatırladaq  ki,  Aydın Canıyev sentyabrın 7-də  Lənkəranın Səpnəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib. Daha sonra isə ona qarşı  Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq  ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi üzrə cinayət işinə başlanıb və inzibati həbs cəzasının vaxtı bitəndən sonra, sentyabrın 20-də Lənkəran şəhər Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb. Noyabrın 21-də isə
jurnalist barədə 3 il müddətinə azadlıqdan məhrum etmə qərarı çıxarılıb.

 

Previous Post

İNTİQAM ƏLİYEVİN TÜRKİYƏDƏKİ VƏKİLLƏRİ PROKURORLUĞA MÜRACİƏT ETDİLƏR

Next Post

MƏRHUM JURNALİSTİN ƏŞYALARI MÜSADİRƏ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.