AKİF NAĞI BARƏSİNDƏ BAŞLANILMIŞ İSTİNTAQ QEYRİ MÜƏYYƏN VAXTA QƏDƏR TƏXİRƏ SALINIB

Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacının “Qarabağ Azadlıq Təşkilatının” (QAT) sədri Akif Nağı tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı istintaq qeyri-müəyyən müddətə qədər dayandırılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin hüquqlarını müdafiə edən “Media Hüquqları İnstitutu” nun vəkili Fariz Namazlı məlumat verib. Vəkilin sözlərinə görə,  hadisə ilə bağlı kifayət qədər sübut və şahid ifadələri təqdim edilməsinə baxmayaraq, istintaq müstəntiq İlyas Seyidov tərəfindən qeyri obyektiv aparılır. F. Namazlı həmçinin müstəntiq İ. Seyidovun istintaqı dayandırdığına görə Baş Prokuror Zakir Qaralova,  Baş Prokurorun müavini Rüstəm Usubova və Binəqədi rayon Prokuroru Mirələkbər Seyidova şikayətlə müraciət edəcəklərini də bildirib.
Məsələ ilə bağlı “QAT” sədri A. Nağı ilə də əlaqə saxladıq. Təşkilat sədri istintaqın getdiyini, hadisə ilə əlaqədar izahat verdiyini və istintaqın nə zaman yekunlaşacağı ilə bağlı məlumatsız olduğunu bildirib.
Xatırladaq ki, dekabrın 12-də QAT sədri A. Nağı  bir neçə şəxslə “Yeni Müsavat” qəzetinin redaksiyasına hücum çəkərək qəzetin əməkdaşı Z. Hacını təhqir etmiş və ona qarşı fiziki zor tətbiq etmişdilər. Buna səbəb qəzetin 12 dekabr tarixli sayında Z. Hacının müəllifi olduğu “İki karın dialoqu” başlıqlı köşə yazısında  QAT sədri haqqında tənqidi fikirlərin səslənməsi olub.
Onu da qeyd edək ki, faktla bağlı Binəqədi rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 163.1-ci (jurnalistin peşə fəaliyyətinə mane olma) maddəsi ilə cinayət işi başlanmışdır.
Previous Post

“AZƏRBAYCAN” RADİOSU MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ QƏRARINI POZUR

Next Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ PİS OLARAQ QALIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.