Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Bakı İstintaq Təcridxanasında həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya istintaqın bitməsini elan edib və baş redaktordan yekun ifadə alınıb.
Vəkilin sözlərinə görə, istintaqın bitməsi ilə bağlı ona aprelin 14-də məlumat verilib və o bu gündən (16 aprel) istintaq materialları ilə tanış olmağa başlayacaq.
“Əvəz Zeynallıya qarşı indiyədək AR CM-nin 311-ci maddədən (rüşvət alma -passiv rüşvətxorluq) əlavə AR CM-nin 306 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) və 213-cü maddələri ilə (aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) bağlı ittihamlar elan edilib. Ola bilsin ki, Ə. Zeynallı və vəkillər istintaq materialları ilə tanış olduqdan sonra iş məhkəməyə təhvil verilsin “.
Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də
qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma)
maddələri ilə cinayət işi başlanıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, yanvarın 17-də isə bu müddət daha 3 ay artırıldı.