BEYNƏLXALQ MƏTBUAT İNSTİTUTU AZƏRBAYCANDA MƏTBUAT AZADLIĞININ VƏZİYYƏTİNDƏN NARAHATDIR

Beynəlxalq Mətbuat İnstitutu (BMİ) iyulun 2-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə ünvanlanan bəyanatla çıxış edib.

Bəyanatda BMİ-nun Azərbaycanda mətbuat azadlığının vəziyyətindən narahat olduğu bildirilir. BMİ AŞPA Prezidenti Luis Maria De Puçun bu yaxınlarda Azərbaycana səfərini xatırladaraq, prezidentdən AŞPA-nın 1614 saylı (2008) qətnaməsində göstərilən problemləri etiraf etməyə və bu problemləri həll etmək yönündə daha konkret addımlar atmağa çağırır.

“Azərbaycan Avropanın mətbuat azadlığı sahəsində ən geridə qalan ölkələrindən biri olaraq qalmaqdadır. Ən azı 4 jurnalist ədalətsiz və ya qondarma ittihamlarla həbs cəzası çəkməkdədir. Tənqidi yazı yazan jurnalistlər ölüm hədələri ilə, ya da fiziki zorakıkıqlarla hələ də təqibə məruz qalır. Tənqidçi mətbuat da hakimiyyət tərəfindən  təzyiqlərə məruz qalır.” – deyə bəyanatda bildirilir.
BMİ Azərbaycanda mətbuat azadlığı ilə bağlı narahatlıqların çox üzücü mənzərə yaratdığını qeyd edir: “Bu mənzərə Azərbaycanda mətbuat azadlığı ilə bağlı baş vermiş son zorakılıqları nəzərdən keçirəndə daha miskin görünür:  dördüncü jurnalist Mushfig Huseynovun şübhəli rüşvət alma ittihamı ilə həbs edilməsi və ya RATİ-nin sədri Emin Huseynovun polis tərəfindən fiziki zorakılığa məruz qalması və sonra xəstəxanaya düşməsi”.
Bəyanatda 15 oktyabr 2008-ci il seçkilərinə qədər diffamasiyaya görə cəzanın ləğv edilməsi və hazırda həbsdə olan jurnalistlərin dərhal azad edilməsi tələbi ön plana çəkilir. Eyni zamanda mətbuat azadlığının tam demokratiya üçün ilkin şərt olması, Azərbaycanın Avropa Şurasıının üzvü kimi öz üzərinə Avropa İnsan Haqları Konvensiyasına (bu Konvensiyanın 10-cu maddəsi özündə fikir azadlığını və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan məlumat və ideyaları almaq və yaymaq azadlığını ehtiva edir) riayət etməsi ilə bağlı öhdəlik götürməsi xatırladılır.
Bütün bunları nəzərə alaraq BMİ Əliyevi Azərbaycanda mətbuat azadlığı ilə bağlı pisləşən mühitə diqqət yetirməyə və qarşıdan gələn prezident seçkiləri ərəfəsində bu mühitin yaxşılaşdırılması üçün planlarını açıqlamağa çağırır.      
 Bəyanata ingilis dilində bu ünvanda baxa bilərsiniz:
http://www.freemedia.at/cms/ipi/statements_detail.html?ctxid=CH0055&docid=CMS1214999922525

Previous Post

“GƏNCƏBASAR” QƏZETİ NƏŞRİNİ BƏRPA EDİB

Next Post

AQİL XƏLİLİN DÖYÜLMƏSİ İLƏ BAĞLI CİNAYƏT İŞİNİN YENİDƏN AÇILMASI ÜÇÜN İDDİA QALDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.