JMK HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AZAD EDİLMƏSİNƏ DAİR ÇAĞIRIŞ EDİB

aprel 4th, 2012
Jurnalistləri Müdafiə Komitəsi (ABŞ)  ölkə başçısı İlham Əliyevə müraciət edərək, Azərbaycanda həbsdə olan  6 jurnalisti (“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, həmin qəzetin müxbiri Aydın Canıyev, “İslamazeri.az” saytının baş redaktoru Ramin Bayramov, İranın “Səhər” telekanalının Azərbaycan müxbiri Anar Bayramlı, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev) azad etməyə çağırıb.

“Turan” informasiya agentliyinin məlumatına görə, bu beynəlxalq təşkilatın Azərbaycan prezidenti İlham Əliyevə müraciətində aşağıdakı  çağırış yer alır: “Sizi mətbuat azadlığına dair beynəlxalq standartların təmin olunması ilə bağlı öhdəliklərə əməl etməyə, dərhal və heç bir şərt olmadan jurnalistləri azad etməyə çağırırıq”.

Komitənin direktoru Coel Saymon İlham Əliyevi sistematik islahatlar aparmağa, Azərbaycanda mətbuat azadlığının pisləşməsinin səbəblərini araşdırmağa səsləyir.