Aprelin 2-də vəkil Yalçın İmanov “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüb. Bu barədə “Mediaforum” xəbər saytı məlumat yayıb.
“Lakin o, istintaq hərəkətlərinin aparılmamasından gileylidir. Artıq uzun müddətdir ki, onunla bağlı hər hansı istintaq hərəkəti aparılmır və baş redaktor bunu istintaqın dalana dirənməsi, istintaqçıların əlində hər hansı ifşaedici dəlilin olmaması ilə əlaqələndirir. Eyni zamanda o bunu dolayısı ilə özünün günahsızlığına, qeyri-qanuni, əsassız həbs edilməsinə bir sübut sayır. Əvəz bəy deyir ki, belə davam edəcəyi təqdirdə müxtəlif etiraz üsullarına əl atmağı planlaşdırır”.
Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, yanvarın 17-də isə bu müddət daha 3 ay artırıldı.