Dünən (02 mart) “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üçüncü il dönümü qeyd olundu. Anım mərasimində RATİ-nin sədri Emin Hüseynov yerli vətəndaş cəmiyyətinin və ictimaiyyətin nümayəndələri adından Elmar Hüseynova abidənin ucaldılması üçün hazırlanmış müraciəti mərasim iştirakçılarının nəzərinə çatdırdı.
Bu məqsədlə qeyd olunan ərazidə Elmar Hüseynovun xatirəsini əbədiləşdirən və eyni zamanda söz azadlığını təzahür edən heykəl və ya abidənin ucaldılması üçün müvafiq göstəriş vermək prezidentdən xahiş olunub.
Müraciət 90 nəfər tərəfindən imzalanıb. İmza atan şəxslər arasında siyasi partiya rəhbərləri, QHT rəhbərləri və nümüyəndələri, media təşkilatlarının rəhbərləri, jurnalistlər, ”Monitor” jurnalının oxucuları, jurnalistin dostları və qohumları, o cümlədən mərasimdə iştirak edən sadə vətəndaşlar var.
Müraciətin mətninə www.irfs.az saytında baxa bilərsiniz.
*RATİ Elmar Hüseynova abidənin ucaldılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmək məqsədilə avqust ayından imzatoplama kampaniyasına start vermişdi. Noyabrın 14-də imzatoplama kampaniyası sona çatmış və yığılmış 564 imza ilə BŞİH-nə müraciət edilmişdi. Müraciətə gələn cavabda bildirilirdi ki, vətən qarşısında xüsusi xidmətləri olan vətəndaşların xatirələrini əbədiləşdirmək yalnız dövlət səviyyəsində müvafiq qərarlar qəbul edildikdən sonra BŞİH tərəfindən icra olunur. Bunu əsas tutan RATİ yanvarın 17-də prezidentə müraciət ünvanlamışdı. Lakin məktubumuza heç bir cavab gəlmədiyindən fevralın 20-də Elmar Hüseynova abidənin ucaldılması məqsədilə yenidən prezidentə müraciət etmişdik.