ELMAR HÜSEYNOVA HƏSR EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRİLİB

mart 3rd, 2008
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı istintaqın durumu və ümumilikdə bu üç il ərzində istintaqın gedişi barədə bu gün RATİ-nin ofisində dəyirmi masa keçirildi.

Tədbirdə iştirak edən hüquq müdafiəçisi Arzu Abdullayeva Elmar Hüseynovun dünən keçirilən anım mərasiminə telekanalların gəlməməsini xüsusi vurğulayaraq, qeyd etdi ki, “bu məsələ bütün Azərbaycanın dərdidir. Bu Elmarın elə-belə ölümü demək deyil, onu öldürüblər. Bunda həm cəmiyyətin,  həm də iqtidarın yükü böyükdür. Elə şərait yaradılıb ki, televiziyalar da bunu işıqlandırmasın. Bizdə hansı istedadlı insan varsa həbsdədir. Yaxud həmin insanlara qarşı təzyiqlər, hücumlar olur”. Bu vəziyyətin yol verilməz olduğunu bildirən hüquq müdafiəçisi əlavə etdi ki, “iqtidar sübut etməlidir ki, onlar jurnalistin qətlində günahsızdılar. Onların hərəkətsizliyinə görə niyə azərbaycanlılar başı aşağı gəzməlidirlər. Biz bir yerdə yığışmaq istəyəndə, mitinq keçirməyi planlaşdıranda polislər bizdən qabaq gəlirlər. Necə olur ki, Elmarın ölümündən heç kimin xəbəri olmadı. O evdən çıxanda həyat yoldaşına öldürüləcəyini demişdi. Bu o deməkdir ki, onu addım-addım izləyirdilər. İndi nə iqtidar, nə MTN bundan xəbərsiz oldu. İqtidar səy göstərməlidir ki, qatillər tapılsın və məsuliyyətə cəlb olunsunlar”. A.Abdullayeva  təkliflə də çıxış etdi: “Elmar Hüseynov Fondunun təşkilat komitəsi, RATİ, Mətbuat Şurası və Söz Azadlığı Müdafiə Komitəsi Elmarla bağlı birgə iclas keçirsin. Vəkillərdən ibarət işçi qrup yaradaq. Bu qrup müəyyən araşdırmalar aparsın və nəticələri barədə ictimaiyyət məlumatlandırılsın. Və iclasda gələcəkdə hansı addımları atacağımızı artıq qərarlaşdıraq”.
Tədbirdə iştirak edən “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli çıxışında  bildirdi ki, “Elmarın ölümündən sonra mətbuata təzyiqlər, hücumlar daha da çoxalıb. Biz bütün bunların qarşısını almaq əvəzinə nəyinsə müqabilində arxaya çəkilirik. Elmarla bağlı nə qəzetlərdə , nədə başqa yerlərdə məlumatlar işıqlandırılmır. Dünən Elmarın anım mərasimində azad söz uğrunda mübarizə aparmaq məqsədilə mitinqlər keçirilməli, çıxışlar olmalı idi. Biz bəlkə bu şəkildə nəyəsə təsir göstərə bilərdik. Qətlin sifarişçiləri və icraçıları bizə bəlli olsa da, bunun üstü açılmır”.
 Norveçin Azərbaycandakı səfiri Jon Ramberq Elmarın Norveç səfirliyinin dostu olduğunu vurğulayaraq, onun ölümündən sonra yüksək məmurların verdiyi vədlərə istinad edərək Azərbaycan hakimiyətini qatillərin tapılması üçün səylərini ikiqat artırmağa çağırdı. Və qeyd etdi ki, “qatillərin tapılmaması bu faciəni daha da dərinləşdirir. Biz həmişə Elmarın Azərbaycanda tənqidçi jurnalistikanın görkəmli və cəsur nümayəndəsi olmasını qeyd etmişik”.
RATİ-nin sədri Emin Hüseynov öz çıxışında qeyd etdi ki, “Elmar Hüseynovun qətlinin araşdırılmasında irəliləyiş yox, gerilik görürük. Dünən keçirilən anım mərasimində jurnalistin yaxın qohumlarının və təzyiqlərlə üzləşmiş jurnalistlərin iştirak etməməsindən təəssüflənirəm. Necə olur ki,  diffamasiyaya görə ədalətsiz olaraq türmədə yatan, sonradan azadlığa çıxan insanların heç biri anım mərasimində iştirak etmirdi. Bu o deməkdir ki, burada nəsə anormallıq var. Mən düşünürəm ki, ya bizdə olan hislər ölüb,, ya da onlar nədənsə qorxurlar. Halbuki  vətəndaş cəmiyyəti, yerli və beynəlxalq təşkilatlar onların azadlığa buraxılması üçün az da olsa əllərindən gələni ediblər. Şahbaz Xuduoğlu Elmar Hüseynovun ölümündən sonra iki il ərzində Elmarın əsərlərini çap etdirmişdi. Lakin bu il həmin yazıların növbəti hissəsi çap olunmadı.  Mən hesab edirəm ki, Şahbaz Xuduoğluya qarşı son iki ildə təzyiqlər başlayıb. Demək olar ki, onun tipoqrafiyasını bağlayırdılar . Eynulla Fətullayev türmədədir. Bunu görən digər jurnalistlər  görürlər ki, biz də işimizi davam etdirsək bizi də həmin aqibət gözləyir. Lakin mən həmin dostlara demək istəyirəm ki, hələ də gec deyil. Hamımız bir yerdə toplaşıb, cəmiyyəti səfərbər etməliyik ki, gələcəkdə belə qətllər olmasın. Əslində biz bu məsələni Hüseynovun ailəsinin yox, vətəndaş cəmiyyətinin məsələsi kimi qoymalıyıq. Biz hakimiyyəti məcbur etməliyik ki, qatillər tapılsın və həmin şəxslər cəzalandırılsın”.