RATİ: Azərbaycan hakimiyyəti müstəqil mediaya qarşı kiber təxribatlara son qoymalıdır

February 2nd, 2018

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) müstəqil KİV-lərin və müxalifət liderlərinin Facebook hesablarına yönəldilmiş silsilə kiber hücumların təşkilinə görə Azərbaycan hakimiyyətini qınayır və son bir ay ərzində aparıcı müstəqil onlayn KİV-lərin və müxalifət liderlərin ictimai səhifələrini hədəfə alan onlayn senzuranın sistemli şəkildə gücləndirilməsinə son qoymağa çağırır.

Belə ki, Azərbaycanın müstəqil internet-nəşri olan Meydan TV-nin Facebook səhifəsinin administratorlarının hesablarının sındırılması metodu ilə yanvarın 29-da həyata keçirilmiş son hücum Meydan TV-nin rəsmi səhifəsinin müvəqqəti oğurlanması ilə nəticələnib. Mətbu orqanı 12 saat sonra səhifəsinə çıxışı bərpa etsə də, hakerlər o vaxta qədər xəbər resursunun son 5 ildə dərc etdiyi bütün materialları bərpaolunmaz şəkildə silməyi bacarıb. Hücumu həyata keçirənlər həmçinin 100 minə yaxın abunəçinin abunəçiliyini məcburi şəkildə ləğv ediblər ki, bu da itirilmiş abunəçi bazasının 20 faizini təşkil edib. Son ay ərzində Kanal13 müstəqil xəbər resursunun Facebook səhifəsi, eləcə də müxalifət liderləri Əli Kərimli və Cəmil Həsənlinin səhifələri analoji hücumlara məruz qalıb. Bu yaxınlarda bənzər problemlə üzləşmiş “Made in Azerbaijan” adlı tənqidi Facebook səhifəsi ilə bağlı halda isə, dərc olunmuş bütün məzmunun və əksər abunəçilərin itirilməsi ilə yanaşı, Azərbaycanın hüquq-mühafizə orqanları səhifənin təsisçisi olan və Fransada siyasi mühacirətdə yaşayan video blogger Məhəmməd Mirzəlidən Azərbaycan prezidenti İlham Əliyev barədə tənqidi materialların dərcinin dayandırılmasını tələb edərək imtina edəcəyi halda faktiki olaraq girov götürülmüş iki yaxın qohumunun qanunsuz həbs müddətini artırmaqla hədələyiblər. Bundan başqa, naməlum şəxslər Məhəmməd Mirzəlinin özünü daimi yaşayış yeri olan Fransada fiziki zorakılığa məruz qoymaqla hədələyiblər.

“Hakimiyyətin onlayn senzuranı gücləndirmək məqsədi daşıyan aqressiv hərəkətləri sosial şəbəkələrin köməyi ilə sürətlə onların nəzarətindən çıxan əhali arasında tənqidi düşüncənin sürətlə yayılmasından ciddi narahatlıq keçirdiyinin göstəricisidir,” deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib. “Son illərdə müstəqil teleradio yayımçılarını və klassik müstəqil mətbuat orqanlarını tamamilə sıradan çıxarandan sonra, hakimiyyət ilk dəfə ötən ilin ortalarından etibarən müstəqil nəşrlərin internet saytlarına girişi məhkəmə yolu ilə və məhkəmədən kənar bloklamağa başlayıb. İnternetdə özünüsenzuranı gücləndirmək məqsədi daşıyan texniki məhdudiyyətlərin tətbiqinə paralel olaraq, hakimiyyət anti-korrupsiyaya bloqu olan Sancaq Production-ın müəllifi Mehman Hüseynovun və Kanal13 onlayn televiziyasının icraçı direktoru Əziz Orucovun simasında iki ən məşhur onlayn tənqidçini həbs edib. Tanınmış onlayn jurnalistlərin həbsinin və hətta blogger-fəal Mehman Qələndərovun həbsdəki müəmmalı ölümünün tənqidi düşüncənin yayılmamasınının qarşısını ala bilmədiyini və saytlarına girişin bloklanmasına cavab olaraq bir çox müstəqil onlayn media resurslarının öz məzmunlarını Facebook, Instagram və Youtube kimi sosial şəbəkə xidmətləri vasitəsilə yaydığını görən Azərbaycan hakimiyyəti internetdə aparıcı tənqidi səslərə qarşı bir-birinə bənzəyən silsilə kiber-təxribat hücumları hazırlayaraq həyata keçirib,” deyə Hüseynov fikrini tamamlayıb.

RATİ 2018-ci ilin oktyabrına təyin olunmuş prezident seçkiləri ərəfəsində müxalifətin dinc etiraz aksiyaları zamanı tənqidi məlumat mübadiləsinin qarşısını maksimal dərəcədə almaq məqsədilə ötən ilin payızından etibarən ilk dəfə olaraq internet bağlantısını tam kəsməyə başlayan Azərbaycan hakimiyyətinin növbəti addım kimi populyar sosial şəbəkələrə və ani mesajlaşma proqramlarına girişi tamamilə bloklaya biləcəyindən narahatlıq keçirir.

RATİ beynəlxalq ictimaiyyəti ölkədə ifadə azadlığının kobud şəkildə məhdudlaşdırılmasına görə məsuliyyət daşıyan vəzifəli şəxslərə və onların ailə üzvlərinə qarşı fərdi sanksiyaların tətbiqi yolu ilə Azərbaycan hakimiyyətinə dərhal təzyiqlərin göstərilməsinə başlamağa çağırır.

Qlobal Şəbəkə Təşəbbüsünün üzvü olaraq RATİ bu koalisiyadakı tərəfdaşlarını, xüsusən Facebook və Google şirkətlərini yuxarıda qeyd olunan bütün kiber hücumların araşdırılmasına dəstək verməyə və hücuma məruz qalmış alternativ media resurslarına silinmiş məzmunların və abunəçilikdən məcburi çıxarılmış abunəçilərin bərpasında yardım göstərməyə çağırır.

RATİ Azərbaycan hakimiyyətini bütün ifadə azadlığı məhbuslarını, o cümlədən jurnalistlər Mehman Hüseynovu, Əfqan Muxtarlını, Seymur Həzini, Əziz Orucovu, Nicat Əliyevi, Araz Quliyevi, Fikrət İbişbəylini, Əfqan Sadıqovu, Elçin İsmayıllını, Cavid Şirəliyevi, Ziya Əsədlini və Ərşad İbrahimovu, bloggerlər Rəşad Ramazanovu və İlkin Rüstəmzadəni, yazıçılar Saday Şəkərlini və Tofiq Həsənovu, habelə qrafiti fəalları Qiyas İbrahimovu və Bayram Məmmədovu dərhal azadlığa buraxmağa çağırır.

RATİ həmçinin Azərbaycan hakimiyyətini bütün vətəndaşları informasiyaya sərbəst çıxışla təmin etməyə, məhkəmə yolu ilə və məhkəmədən kənar bloklanmış bütün xəbər saytlarını, o cümlədən https://www.azadliq.org, https://www.meydan.tv, https://www.azadliq.info, https://www.azerbaycansaati.tv, http://kanalturan.com, http://www.abzas.net, http://www.infoaz.org, http://www.aztoday.az, http://www.aztoday.az and https://www.24saat.org saytlarını blokdan çıxarmağa, və bu cür mənfi praktikaya tamamilə son qoymağa çağırır.