RATİ İRANDA HƏBS EDİLMİŞ AZƏRBAYCANLI ŞAİRLƏRİ AZAD ETMƏYƏ ÇAĞIRIR

            Reportyorların  Azadlıq  və Təhlükəsizlik İnstitutu iki nəfər azərbaycanlı şairin İran İslam Respublikasında həbsə alınmasından olduqca narahatdır və İran hökumətini şairləri dərhal azad etməyə çağırır.

Belə ki,  aprelin 29-da iki azərbaycanlı şair, Fərid Hüseyn və Şəhriyar Hacızadə İranda keçirilən şer festivalında  iştirak etməyə dəvət ediliblər və İrana səfərləri zaman mayın 2-də orada həbs olunublar. İki ay faktiki olaraq onların həbsi rəsmən təsdiqlənməsə də, iyulun 3-də İranın “Press TV” kanalı şairlərlə bağlı video yayıb. Videoda Azərbaycan şairlərinin casusluqda ittiham olunduğu deyilir. İddiaya görə, Azərbaycan yazarları Milli Təhlükəsizlik Nazirliyinin tapşırığı ilə hərəkət ediblər və İranda yerli azərbaycanlı dissidentləri məxfi əməkdaşlığa cəlb etməyə çalışıblar.
            RATİ bəyan edir ki, iki ay ərzində Azərbaycanlı şairlər Azərbaycanın İrandakı Səfiri ilə görüşdən, ən əsası isə yerli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş vəkillə təmin edilmə hüququndan məhrum ediliblər.
            RATİ hesab edir ki,  həbs olunmuş yazarların heç bir günahı yoxdur və onlar Azərbaycanla İranın son dövrdə olduqca pisləşmiş diplomatik əlaqələrin qurbanına çevriliblər. Belə ki, son bir ildə İranla Azərbaycan arasında münasibətlər həddindən artıq gərginləşib. Azərbaycan hüquq mühafizə orqanları İranla əməkdaşlıqda şübhəli bilinən şəxsləri müxtəlif ittihamlarla həbsə atıb. İranın “Səhər” telekanalının müxbiri Anar Bayramlı və Ramil Dadaşov 2012-ci ilin fevralında həbs ediliblər. Anar Bayramlı 2 il müddətinə azadlıqdan məhrum edilib. Ramil Dadaşov bir müddət həbsdə saxlandıqdan sonra azad edilib. İslamazeri.az internet qəzetinin redaktoru Ramin Bayramov və “Azadxeber.org” saytının həbsdə olan baş redaktoru Nicat Əliyev də saxta ittihamlarla həbs ediliblər.           
            RATİ hesab edir ki, hazırda saxta narkotik saxlama ittihamı ilə həbs edilən 3 media nümayəndəsinin həbs edilməsinin səbəbi İranın və İran yönümlü media qurumlarında çalışmasıdır.
            RATİ onu da vurğulamaq istəyir ki, İranlı jurnalistlərin fevral ayında Azərbaycanda həbs edilməsi, İranın Azərbaycanda Avroviziya mahnı müsabiqəsi keçiriləcək olan may ayında Azərbaycan şairlərinin həbs etməsi, eyni zamanda may ayında İranda Azərbaycan əleyhinə bir neçə dəfə aksiya keçirilməsi və Azərbaycanın bu aksiyalara cavab olaraq İran Səfirliyi qarşısında aksiyalar keçirməsi dövlətlərin bir-birindən qarşılıqlı şəkildə intiqam aldığını göstərir.
            Bir digər qalmaqallı həbs narkotik saxlanılması və satışı, həmçinin də vətənə xəyanət (İrana casusluq etməkdə ) ittihamları ilə həbs edilən hüquq müdafiəçisi, «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədovun işidir. Belə ki, ilk öncə Hilal Məmmədov 21 iyun tarixdə narkotik ittihamı ilə həbsə atılıb. Lakin sonradan 4 iyul tarixində  onun işinə dövlətə xəyanət (İrana casusluq etmə ) və etnik ayrı-seçkilik ittihamları əlavə olunub. Məhz həmin gündən bir gün qabaq, 3 iyul tarixində iki Azərbaycanlı şair İranda casusluq ittihamı əsasında saxlandığı  İran tərəfindən rəsmən təsdiqləndi.
            Göründüyü kimi ölkələr arası münasibətlərin pozulması İranda Azərbaycan “media casuslarının”, Azərbaycanda isə İran “media casuslarının” ovuna başlanılmasına gətirib çıxarıb.
            RATİ təəssüflə qeyd etmək istəyir ki,  bu diplomatik gərginliyin qurbanı məhz jurnalistlər və yazarlar olur.  Hər iki dövlət bu intiqam hərəkətləri ilə jurnalistlərin və yazarların ifadə azadlığını məhdudlaşdırırlar.
            RATİ hesab edir ki, nə İran yönümlü jurnalistlər Azərbaycanda, nə də Azərbaycan şairləri İranda həbsdə olmamalıdır.
            RATİ Azərbaycan və İranı həbs edilmiş şəxslərin azad edilməsi sahəsində danışıqlar etməyə, İran hökumətini həbsdə olan iki Azərbaycan şair Fərid Hüseyn və Şəhriyar Hacızadəni, Azərbaycan hökumətini isə Anar Bayramlı, Nicat Əliyev, Hilal Məmmədovu və Ramin Bayramovu  azad etməyə çağırır.
 
Previous Post

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Next Post

XURAL QƏZETİNİN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.