RATİ MƏHKƏMƏ HÜQUQ ŞURASINA MÜRACİƏT ETDİ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov bu gün (27 noyabr) Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət edib.

Müraciətə səbəb son zamanlar hakimlərin məhkəmə prosesləri zamanı RATİ əməkdaşlarına foto və video çəkiliş aparmağa icazə verməmələri, bəzi hallarda isə  ümumiyyətlə RATİ əməmkdaşlarının məhkəmə prosesini müşahidə etməyə belə imkanın verilməməsi  ilə bağlıdır.
Belə ki, dünən (26 noyabr)  Bakı Apellyasiya Məhkəməsində  hakim Faiq Qasımovun sədrliyi ilə “İdeal” qəzetinin təsisçisi Nazim Quliyev haqqında Nəsimi rayon Məhkəməsinin çıxardığı həbs qəti-imkan tədbirinin dəyişdirilməsi şikayəti əsasında keçirilən açıq məhkəmə  prosesini müşahidə etmək istəyən RATİ əməkdaşları – Cavid Qurbanov və Elnur Məmmədov hakimim göstərişi ilə məhkəmə nəzarətçiləri tərəfindən itələnməklə məhkəmə keçirilən zaldan çıxarılıb.
Qeyd edək ki, bu və digər açıq  məhkəmə proseslərini istənilən şəxs, habelə KİV və QHT nümayəndələri hakimin xüsusi icazəsi olmadan maşahidə edə bilərlər. Amma nədənsə bəzi hakimlər heç bir əsas gətirmədən  RATİ əməkdaşlarının qanunla müəyyən olunmuş fəaliyyətini məhtudlaşdırırlar.
Məhkəmə Hüquq Şurasına ünvanlanmış müraciətdə 2008-ci il ərzində RATİ əməkdaşlarının ayrı-ayrı məhkəmələrdə üzləşdikləri problemlərin də qısa xronologiyası verilib:
 
13 mart – Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərovun sədrliyi ilə  "Korrupsiya və cəmiyyət" jurnalı və jurnalın baş redaktoru Məmməd Əhmədoğlu barədə Yasamal rayon Məhkəməsinin çıxardığı (Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka və vəkili Namiq Ələkbərov haqqında materialların nümayiş etdirilməsinin "Korrupsiya və cəmiyyət" jurnalına və baş redaktoru Məmməd Əhmədoğluna qadağan edilməsi) qərardan verilən şikayət üzrə keçirilən məhkəmə prosesində foto və video çəkilişə icazə verilməyib;
 
30 mart – Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrliyi ilə "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həbsindən verilən şikayət üzrə keçirilən hazırlıq iclasında foto və video çəkilişə icazə verilməyib;
 
8 may – Xətai rayon Məhkəməsində hakim Tofiq Paşayev sədrliyi ilə Ədliyyə Nazirliyinin Seçki Monitorinq Mərkəzinin (SMM) dövlət qeydiyyatının ləğv edilməsi və fəaliyyətinə xitam verilməsi  barədə qaldırdığı iddia üzrə keçirilən prosesdə foto və video çəkilişə icazə verilməyib;
 
05 iyun – Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə "Azadlıq Hərəkatçıları" Birliyinin "Azadlıq" qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclasında RATİ əməkdaşlarına foto və video çəkiliş aparmaq üçün  icazə verilməyib. (Amma "Lider" televiziyasının əməkdaşlarına  problemsiz çəkiliş aparmaq imkanı yaradılıb);
 
02 sentyabr – Bakı Apellyasiya Məhkəməsinin hakimi Gündüz Quliyevin sədrliyi ilə RATİ sədri Emin Hüseynovun Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqə məruz qalması ilə bağlı qaldırdığı iddianın rədd edilməsinə dair Nəsimi rayon Məhkəməsinin çıxardığı qərarından verdiyi apellaysiya şikayət üzrə keçirilən məhkəmə prosesində də foto və video çəkilişə icazə verilməyib;
 
14 noyabr – Nəsimi rayon Məhkəməsində hakim Elmar Kərimovun sədrliyi ilə  Səbirə Mahmudovanın "İdeal" qəzetinin baş redaktoru Əli Həsənov və qəzetin təsisçisi Nazim Quliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə keçirilən məhkəmə prosesini müşahidə edən RATİ əməkdaşları məhkəmə zalından çıxarılıb;
 
25 noyabr – Bakı Apellyasiya Məhkəməsində hakim İsa İsmayılovun sədrliyi ilə "Seçki Monitorinq Mərkəzi"  (SMM) İctimai Birliyinin dövlət qeydiyyatının ləğv edilməsinə dair Xətai rayon Məhkəməsinin çıxardığı qərardan verilmiş apellyasiya şikayəti üzrə keçirilən  məhkəmə prosesində Ədliyyə Nazirliyinin əməkdaşının etirazı ilə proses zamanı RATİ  əməkdaşlarının foto və video çəkiliş aparmalarına  icazə verilməyib;
 
Məhkəmə Hüquq Şurasına ünvanlanmış müraciətdə yuxarıda sadalanan fakların araşdırılması və qanuna uyğun qərarın qəbul edilməsi xahiş olunur.
Previous Post

ELMİRA SÜLEYMANOVA XARİCİ RADİOSTANSİYALARLA BAĞLI MTRŞ-YƏ MÜRACİƏT EDİB

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.