RATİ SƏDRİ EMİN HÜSEYNOV 2 SAATDAN ARTIQ QEYRİ-QANUNİ SAXLANILIB

Bu gün (12 iyun) təxminən saat 12.00 radələrində Prezident Aparatının (PA) qarşısında orta məktəb məzunlarının valideynlərinin keçirdikləri piketin  monitorinqini aparan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov  Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qanunsuz olaraq  saxlanılıb.

Qeyd edək ki, Hüseynov RATİ-nin digər əməkdaşları ilə birgə hadisə yerində olan jurnalistlərə qarşı baş verə biləcək qeyri-qanuni addımları qeydə almaq məqsədi ilə müşahidə aparırdı. Müşahidə zamanı o, aksiyanın video və foto çəkiliş vasitəsi ilə qeydə alırdı.  Çəkiliş apardığı zaman Hüseynova, mülki geyimli şəxs yaxınlaşaraq onun üstünə qışqırmaqla çəkilişi dayandırmağı tələb edib. Öz növbəsində  Hüseynov  həmin şəxsə özünü təqdim edərək onun da kim olduğunu öyrənmək istəsə də, həmin şəxs özünü təqdim etməyib. Bundan sonra həmin mülki geyimli şəxs  Hüseynovu itələyərək onun çəkilişi qeyri-qanuni apardığını iddia edib. Hüseynov həmin şəxsin özünü təqdim etməsini bir daha xahiş edəndə isə o, cibindən üzərində  Dövlət Mühafizə Xidməti yazılmış vəsiqənin  üzünü Hüseynova göstərib və hadisə yerinə hərbi geyimdə yaxınlaşan Dövlət Mühafizə Xidmətinin digər əməkdaşlarına Hüseynovu saxlamaq barədə əmr verib.  Daha sonra həmin hərbi geyimli şəxslər Hüseynovun sənədlərini alaraq özünü də Prezident Aparatının binasına salıblar.
       Hüseynov özünü bir daha təqdim edərək hərbi geyimli şəxslərin də kimliyi və vəzifələrini soruşub. Amma onlar adlarını və vəzifələrini açıqlamaqdan imtina ediblər. Bundan sonra Hüseynovu Elçin (ya da Elnur ) Vəliyev kimi özü təqdim edən bir mülki geyimli şəxs sorğu-suala tutaraq qeyri-qanuni dindirmə aparmağa cəhd edib. O,  Hüseynovun hansı orta və ya ali məktəbləri bitirdiyini, RATİ-nin haradan maliyyələşməsi, iş prinsipi  və digər suallar verib. Lakin bunlara cavab verməyən Hüseynov həmin sualları ona saxlanılması barədə rəsmi ittiham təqdim edildikdən  və  dindirilmə protokolu tərtib olunandan sonra cavablandırıb ya da cavabsız qoyacağı barədə düşünəcəyini bildirib.
       Sonradan həmin şəxs  Hüseynovun çəkdiyi video kaseti  ondan pozmağını tələb edib. Kasetdə  önəmli bir qeydlərin olmadığını bildirən Hüseynov özü kasetdə 3 dəqiqəyə yaxın aparmış olduğu video görüntünü pozub. 
         Saat 14.05 radələrində Hüseynovun sənədlərinin sürətini çıxardaraq sənədləri özünə qaytarıblar.  Elçin (ya da Elnur ) Vəliyev onu “sən bir də buralara gəlməyəsən, əgər gələrsənsə səni polisə həbs elətdirəcəyik” deyə hədələdikdən sonra  sərbəst buraxdırıb.
        Baş verən hadisə ilə bağlı Hüseynov Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevə və Dövlət Mühafizə Xidmətinin rəisi Vahid Axundova hadisənin araşdırılması və ona qarşı qnuna zidd hərəkət  edən şəxslərin cəzalandırılması məqsədi ilə müraciət ünvanlayacaq.

Qeyd: Emin Hüseynovun qeyri-qanuni olaraq 2 saatdan artıq saxlanılmasına dərhal reaksiya verdikləri uçun xarici ölkələrin Azərbaycandakı diplomatik missiyalarına, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarına və media nümayəndələrinə RATİ  təşəkkür edir.

FOTO: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,59/

Previous Post

RATİ-NİN ƏMƏKDAŞI MƏHKƏMƏ BİNASINA BURAXILMAYIB

Next Post

JURNALİSTİN POLİSƏ QARŞI QALDIRDIĞI İDDİA TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.