RATİ SƏDRİ EMİN HÜSEYNOV “YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTORU RAUF ARİFOĞLUYA AÇIQ MƏKTUB YAZIB

Bu gün (30 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlikİnstitutunun  sədri Emin Hüseynov “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluya açıq məktub yazaraq, onu həmkarlarına qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddialardan çəkilməyə çağırıb. Məktubda deyilir:

“Cənab baş redaktor!

 

    Sizə müraciət etməyinizin səbəbi həmkarlarınız – “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və “Millətim” qəzetinin baş məsləhətçisi Fərəməz Novruzoğluna qarşı xüsusi ittiham qaydasında iddialar qaldıraraq, onların barəsində cinayət təqibi başlanmasını istəməyinizdən yaranan narahatçılığımızdır.  Diffamasiyanın  (Cinayət Məcəlləsində ifadə azadlığına görə həbs nəzərdə tutan maddələr) ləğv olunması istiqamətində hamımızın – yerli və beynəlxalq jurnalist təşkilatları tərəfindən iş apardığımız bir vaxtda Sizin – Azərbaycanın ən çoxtirajlı qəzetinin baş redaktorunun öz həmkarlarına qarşı xüsusi ittiham qaydasında iddia qaldırması ictimaiyyətdə birmənalı qarşılanmır. Belə ki, diffamasiya maddələrinin ləğv olunması ilə bağlı yerli və beynəlxalq təşkilatların çağırışlarına cavab olaraq son illərdə hakimiyyət bildirirdi ki, cəmiyyət hələ buna hazır deyil. Lakin bir həftə əvvəl ölkə prezidenti İlham Əliyevin mətbuatın 135 illiyi ilə əlaqədar etdiyi çıxışı artıq hakimiyyətin də diffamasiya maddələrinin ləğv olunması istiqamətində razılığının olmasından xəbər verir. Belə bir vaxtda sizin öz həmkarlarınıza qarşı xüsusi ittiham qaydasında iddialar qaldıraraq onların həbsini istəməyiniz, hakimiyyətə nəinki cəmiyyətin, hətta mətbuatın da diffamasiyanın ləğv olunmasına hazır olmadığını deməyə əsas verəcək və bu da, diffamasiyaya görə cinayət təqibinin ləğvini əngəlləyə bilər.  

 

    Qaldırdığınız iddialara səbəb olmuş məqalələrdə Sizə qarşı təhqir və ya böhtan elementlərinin olub-olmamasını mübahisələndirmədən vurğulayırıq ki, şərəf və ləyaqətini məhkəmə yolu ilə qorumaq hər bir vətəndaş kimi Sizin də konustitsion  hüququnuzdur. Lakin demokratik ölkələrdə və özünü demokratik düşərgəyə aid edən şəxslər bu halda xüsusi ittiham qaydasında deyil, mülki qaydada iddia qaldırmaq yolu seçirlər.

 

    Qeyd edək ki, bu yaxınlarda hətta hökumət nümayəndələri – Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də “Xural” qəzetinə qarşı mülki qaydada iddialar qaldırıblar.

 

    Ümumiyyətlə, hesab edirik ki, KİV-lərə qarşı məhkəmə iddialarının qarşısının alınması üçün tərəflər ilk olaraq öz aralarında müzakirə yolu ilə problemləri həll etməlidirlər. Əgər bu yolla problemin həllinə nail olunmazsa, bu zaman jurnalist təşkilatlarının iştirakı ilə “yoldaşlıq məhkəməsi” vasitəsilə nəticə əldə etmək olar. Bütün bu yollar səmərə vermədiyi halda, ən son addım kimi mülki qaydada məhkəməyə müraciət edilməlidir.

 

    Qeyd etmək istəyirik ki, Sizə və rəhbərlik etdiyiniz qəzetə qarşı da müxtəlif vaxtlarda diffamasiya maddələri ilə xüsusi ittiham qaydasında iddialar qaldırılmışdır. Bir daha xüsusi vurğulamaq istəyirik ki, diffamasiyanın ləğv olunmasına tərəfdar çıxan mətbuat nümayəndələrindən biri olduğunuz halda, həmkarlarınıza qarşı xüsusi ittiham qaydasında ittihamlarınızın davam etməsi diffamasiya maddələrini ləğv etməmək üçün hakimiyyətə yeni bir zəmin yarada bilər.

 

    Bütün bunları nəzərə alaraq, həmkarlarınıza qarşı xüsusi ittiham qaydasında iddialarınızı geri götürməyi və yaranmış problemləri mülki qaydada iddia ilə, daha yaxşısı isə qarşılıqlı anlaşma yolu həll etməyə çağırırıq”.

 

Previous Post

ATƏT AZƏRBAYCANDA HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AZAD OLUNMASINDA İSRARINI DAVAM ETDİRƏCƏK

Next Post

GÜNÜN XƏBƏRLƏRİ 30 IYUL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.