ATƏT AZƏRBAYCANDA HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AZAD OLUNMASINDA İSRARINI DAVAM ETDİRƏCƏK

Dünən (29 iyul) ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç ATƏT-in Daimi Şurasına ənənəvi hesabatını təqdim edib.

ATƏT-in rəsmi veb səhifəsinə yerləşdirilmiş hesabatda göstərilir ki, Miyatoviç martın 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məktub yazaraq, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun əfv etməsinə görə prezident İlham Əliyevi alqışlayıb .

 

    “Qənimət Zahid müəmmalı cinayət işinə görə cəza aldığı müddətin yarısını çəkmişdi. Sonrakı bütün müraciətlərim həbsxanada qalan bir jurnalist və iki bloqqerlə bağlı olub” – deyən Miyatoviç vurğulayıb ki, aprelin 22-də verdiyi bəyanatında Azərbaycan hakimiyyətini Avropa İnsan Haqları Məhkəməsinin qərarının yerinə yetirərək Eynulla Fətullayevi azad etməyə çağırıb və iyunun 15-də İlham Əliyevə müraciətində isə Fətullayevin və iki bloqqerin azadlığa buraxılmasının təmin olunmasını xahiş edib.

 

    “İyunun 26-da Fətullayev müəmmalı ittihamla bağlı 2 il yarım müddətinə azadlıqdan məhrum edilib. Həmin gün bu məhkəmə qərarını tənqid etmişəm ki, bu, Azərbaycanın media azadlığı sahəsində ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmadığını göstərir” – deyən Dunya Miyatoviç əlavə edir ki, ATƏT Eynulla Fətullayevin işini yaxından izləməkdə və onunla yanaşı iki gənc bloqqerin də azadlığa buraxılmasını israr etməkdə davam edəcək.

 

Previous Post

MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI YENƏ DƏ MƏHKƏMƏYƏ GƏLMƏDİ

Next Post

RATİ SƏDRİ EMİN HÜSEYNOV “YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTORU RAUF ARİFOĞLUYA AÇIQ MƏKTUB YAZIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.