7 noyabr 2010-cu il parlament Seçkiləri ilə bağlı RƏY

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən hazırlanıb

   1. Rəy haqqında ümumi məlumat.

 

Rəy seçki öncəsi mərhələdən başlayaraq, rəsmi təşviqat dövrünü də əhatə edən bir müddətdə Azərbaycanda yayımlanan ümumrespublika telekanallarının, radioların və gündəlik qəzetlərin peşəkar metodologiya əsasında monitorinqi, səs vermə günü RATİ əməkdaşlarının bəzi dairələrdə apardığı müşahidələr və RATİ-yə digər QHT-lər, jurnalistlər və bir sıra namizədlərin özləri tərəfindən verilən məlumatlar əsasında hazırlanmışdır.

     

   2. Rəyin məzmunu.

 

Rəyin əsas məzmunu ondan ibarətdir ki, seçkilər demokratik dəyərlərin təmin edilmədiyi şəraitdə keçirilib, səsvermə günü nəticələrə təsir edən çoxsaylı pozuntular aşkar edilib, jurnalistlərin fəaliyyətinə açıq-aşkar maneələr yaradılıb. Bunu aşağıdakı neqativ tendensiyalar sübut edir:

 

I.                   Seçki öncəsi dövr:

 

          * Azərbaycanda ifadə azadlığının vəziyyəti pis olub, “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev (onun azadlığa buraxılması haqqında Avropa Məhkəməsinin qərarı icra edilmir), gənc bloggerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadə həbsdədirlər, jurnalistlərin diffamasiyaya görə cinayət təqibinə yol verən müddəa qanunvericilikdə qalmaqdadır, son bir ildə Konstitusiyaya və digər aktlara ifadə azadlığını məhdudlaşdıran dəyişikliklər edilib;

 

          * sərbəst toplaşmaq azadlığı təmin edilməyib, mitinq keçirmək üçün bütün müraciətlər mənfi cavablandırılıb, icazəsiz aksiyalar isə kobud surətdə dağıdılıb;

 

          * namizədlərin qeydiyyatı alınması zamanı ciddi pozuntular törədilib ki, nəticədə müxalif siyasi qüvvələrin xeyli sayda namizədləri qeydiyyatdan keçməyib, verilmiş şikayətlərin əksəriyyəti isə MSK və məhkəmələr tərəfindən təmin edilməyib;

 

          * seçkilər ərəfəsində və rəsmi təşviqat dövründə vətəndaşların düzgün seçim etmələri üçün seçki mövzusunda verilişlər (maarifləndirici, debat və müzakirə xarakterli) yox dərəcəsində olub;

 

          * seçkidə iştirak edən tərəflərin bərabər işıqlandırılmasına rast gəlinməyib, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, eyni zamanda Prezident İlham Əliyevin geniş və pozitiv işıqlandırılması müşahidə edilib;

 

          * dövlət büdcəsindən maliyyələşən AzTV-nin və İdman-Azərbaycan telekanallarının efirində namizədlər üçün ödənişsiz efir vaxtı ayrılmayıb;

 

          * efir resurslarının (dövlət büdcəsindən maliyyələşən telekanallar) mövcud olmasına baxmayaraq yalnız İctimai Televiziyada hər bir namizədə cəmi 4 dəqiqənin ayrılması seçicilərə fikirlərin çatdırılması üçün kifayət etməyib;

 

          * əsasən özəl telekanal olan Lider seçkidə iştirak edən müxalif siyasi qüvvələrə qarşı “qara PR” kampaniyası aparıb (bir dəfə Xəzər və ATV telekanalları da bu tip xəbər yayıblar);

 

          * hakimiyyət viza qanunvericiliyini sərtləşdirərək aeroportda vizaların verilməsi prosesini faktiki olaraq dayandırmışdır, nəticədə ölkədə olan və ölkəyə gəlmək istəyən müşahidəçilər və jurnalistlər məhdudiyyətlərlə üzləşiblər.

 

II.                Səs vermə günü:

 

·        səs vermə günü respublika üzrə əksər dairələrin xeyli məntəqələrində aşağıdakı çoxsaylı pozuntular aşkarlanıb:

 

1. “karusel” əməliyyatı,

2. bir nəfərin bir neçə dəfə səs verməsinə şəraitin yaradılması,

3. topa bülletenlərin atılması,

4. səslər sayılarkən polislərin məntəqələrdə olması,

5. xüsusi şəxslərin məntəqələr ətrafında seçicilərə təsir göstərməsinə cəhd,

6. müşahidəçilərin məntəqələrdən uzaqlaşdırılması və polis tərəfindən saxlanılaraq məhkəmələrə aparılması;

 

·        Mərkəzi Seçki Komissiyasının 500-ə qədər seçki məntəqəsində quraşdırdığı veb-kameralar vasitəsilə müşahidə aparmaq mümkün olmayıb, www.cec.gov.az saytındakı canlı müşahidə (kameralar vasitəsilə) funksiyası işləməyib;

 

·        dövlət büdcəsindən maliyyələşən təşkilatların əməkdaşları sifarişli şəkildə konkret namizədin xeyrinə səs verməyə cəlb ediliblər;  

 

·        seçki dairələri ərazisində və konkret məntəqələrdə çoxsaylı jurnalistlərin peşə fəaliyyətinə maneələr törədilib;

 

·        aşağı seçki aktivliyi müşahidə edilib*

 

*RATİ hesab edir ki, rəsmi təşviqat dövrünün 23 günə endirilməsi buna ciddi təsir edib.

 

 

   3. Nəticə

 

Yuxarıda qeyd edilən kütləvi saxtakarlıqları nəzərə alaraq RATİ Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələrini xalqın iradəsini əks etdirməyən seçki kimi qiymətləndirir. Saxtalaşdırılmış seçkilərin nəticələrini nəzərdən keçirərək, RATİ hesab edir ki, bütün saxtakarlıqlar hakim qüvvələrin maraqlarına cavab verib. Buna o dəlalət edir ki, seçkiləri inzibati resurslar (komissiya üzvləri, polis, müəllim və həkimlər, hərbçilər) vasitəsilə saxtalaşdırılıb.

 

RATİ müvafiq icra və məhkəmə hakimiyyəti qurumlarını aşağıda göstərilən tövsiyələrə əməl etməyə çağırır.  

 

   4. Tövsiyələr.

 

I.        Azərbaycan hakimiyyətinə:

 

a.      baş vermiş bütün pozuntular araşdırılsın, təqsirli şəxslər məsuliyyətə cəlb edilsin;

 

b.      kobud pozuntuların yol verildiyi dairələrin nəticələri ləğv edilsin və təkrar seçkilər keçirilsin;

 

c.       bundan sonrakı seçkilərdə (təkrar seçkilər də daxil olmaqla) namizədlərin qeydiyyatı zamanı onlara maneələr yaradılmasın;

 

d.      səs vermə günü jurnalistlərin seçki məntəqələrində tam sərbəst şəkildə (səs vermə saatlarında istənilən müddətə foto və video çəkiliş aparılması) fəaliyyət göstərməsinə şərait yaradılsın, eyni zamanda bütün müşahidəçilərə foto və video çkiliş aparılmasına şərait yaradılsın;

 

e.       bütün seçki məntəqələrində smart video sistemləri (səs verən şəxsin üz çizgilərini müəyyənləşdirmək və sonradan həmin şəxsin səs verməsinin qarşısını almaq üçün) quraşdırılsın;

 

f.        qeydiyyata alınmış namizədlərə dövlət büdcəsindən maliyyələşən bütün telekanallarda ödənişsiz efir vaxtı ayrılsın, bu məqsədlə qanunvericiliyə zəruri dəyişiklik edilsin;

 

g.      dairə ərazisində olan müddətli hərbi qulluqçuların parlament və bələdiyyə seçkilərində (prezident seçkiləri və referendum istisna olmaqla) səsvermə hüququ ləğv edilsin;

 

h.      həbsdə olan jurnalist və bloggerlər dərhal azadlığa buraxılsın;

 

i.        sərbəst toplaşmaq azadlığı təmin edilsin, vətəndaşların və siyasi qüvvələrin fikirlərini ifadə etmələrinə  imkan yaradılsın;

 

j.        ən cüzi seçki saxtakarlığına yol verən şəxslərin ciddi şəkildə cəzalandırılması üçün cinayət qanunvericiliyinə əlavələr edilsin;

 

k.      əksər seçki məntəqələrində mövcud olan hakim Yeni Azərbaycan partiyasının yaradıcısı Heydər Əliyevin və bu partiyanın hazırkı sədri İlham Əliyevin plakatları yığışdırılsın;

 

l.        seçki məntəqələrindəki sıxlığın aradan qaldırılması üçün əksər məntəqələrin yerləri dəyişdirilsin;

 

Fotolar: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,667/lang,az/

Previous Post

YAZDIĞI ƏRİZƏYƏ GÖRƏ İCRA BAŞÇISI TƏRƏFİNDƏN HAQQINDA İDDİA QALDIRILAN VƏTƏNDAŞIN MƏHKƏMƏSİ DAVAM E

Next Post

SEÇKİ HƏQİQƏTLƏRİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.