“Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli(Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin həbsinin internetə yerləşdirdikləri videoların böyük roı oynadığı artıq heç kimdə şübhə yaratmır. Xüsusən də onların hazırladıqları “Eşşəklə (Esel Heinz) müsahibə” adlı videoçarx həlledici rola malik olub. İdeya müəllifi Ol Gənclər təşkilatının koordinatoru Adnan Hacızadə olan bu çarxın çəkilişi AN onlayn TV-nin rəhbəri Emin Milliyə məxsusdur. Çaxrın sonundakı titrlərdə də ideyanın OL gənclər təşkilatına, çəkilişin isə AN TV-yə məxsus olması qeyd olunur. Qeyd edək ki, “eşşək” rolunu da Adnan Hacızadə oynayıb.
RATİ hesab edir ki, bu hakimiyyət satiraya qarşı dözümlü deyil və satirik yazılarla çıxış edənləri ən sərt üsullarla cəzalandırır. Vurğulamaq lazımdır ki, “Azadlıq” qəzetinin yazarı, satirik şair Mirzə Sakit (Sakit Zahidov) də məhz hakimiyyəti sərt tənqid edən satirik şeirlərinə görə 2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək həbs olunmuş və üç il müddətinə azadlıqdan məhrum edilmiş və bu ilin mart ayında imzalanmış amnistiya aktı ilə azadlığa çıxmışdır. Bu səbəbdən də Emin Milli və Adnan Hacızadənin satirik ruhlu “Eşşəklə müsahibə” videoçarxına görə şərlənərək həbs olunması artıq heç kimdə şübhə yaratmır.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. Hər iki gənc hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.