GƏNCLƏR “YENİ MÜSAVAT” QƏZETİNİ EMİN MİLLİ VƏ ADNAN HACIZADƏYƏ QARŞI TƏXRİBATDA GÜNAHLANDIRIR

Bu gün (14 iyul) İnsan Haqları Evinin mətbuat mərkəzində  “Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin  həbsi ilə bağlı mətbuat konfransı keçirildi.

   Tədbirdə  giriş sözü ilə çıxış edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı Azərbaycanda hakimiyyətin  insanları fərqli fikirlərinə və siyasi baxışlarına görə fiziki təzyiqlərə və təqiblərə məruz qoymaqla demokratik prosesləri boğmağa çalışdığını bildirdi və gənclər təşkilatlarını bu məsələ ilə bağlı birliyə çağırdı.
     Köşə  yazarı Şahvələd Çobanoğlu çıxışında gənclərin həbsini siyasi represiya hesab etdiyini deyərək, gənclərin azad mövqedən çıxışlarının məhdudlaşdırılması mənfi qiymətləndirdiyini və QHT-I hadisə ilə bağlı fəal mövqe nümayiş etdirməsinin vacibliyini vurğuladı.
     Daha sonra çıxış edən “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədris Mərkəzi”nin (SMDT) sədri Anar Məmmədli Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun hadisənin məişət zəminində baş verməsi ilə bağlı yaydığı məlumata narazılığını bildirərək, ictimaiyyətin bu barədə düzgün məlumatlanması üçün vərəqələr paylanmasını təklif etdi.

     Azərbaycanda Gənclərin Müdafiə Hərəkatının üzvü Ramin Hacılı gənclərin həbsi ilə bağlı müxtəlif şayiələrin yayıldığını deyərək, “Yeni Müsavat” qəzetinin bugünkü sayında dərc olunan yazıda  gənclərin Qərbin, xüsusilə də ABŞ-ın maliyyə dəstəyi ilə inqilab edərək, hakimiyyət çevrilişi planı hazırladığı kimi fikirlərin ifadə olunduğunu bildirdi. “Yeni Müsavat” qəzetinin iqtidar mövqeyindən çıxış etdiyini və qəzetin təxribat xarakterli belə bir addım atmasından təəssüfləndiyini deyən R.Hacılı vurğuladı ki, bu yazı ilə bağlı təkzib verilməsi üçün qəzetə müraciət edəcəklər: “Əgər təkzib verilməzsə, başqa addımlar atmağı da planlaşdırırıq”

     Müstəqil hüquqşünas Erkin Qədirli çıxışında Adnan Hacızadə və  Emin Millinin həbsi ilə bağlı Səbail rayon məhkəməsinin qərarından  apellyasiya şikayəti veriləcəyini, Apellyasiya məhkəməsində də ədalətli qərar çıxarılmazsa, Avropa Məhkəməsinə müraciət ediləcəyini vurğuladı.

     Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  Hər iki gənc hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

NORVEÇ İNSAN HÜQUQLARI EVİ ŞƏBƏKƏSİ GƏNC BLOQÇULARIN HƏBSİ İLƏ BAĞLI BƏYANAT VERİB

Next Post

RATİ-NİN QƏNAƏTİ: GƏNCLƏRİN HƏBSİ HAKİMİYYƏTİN SATİRAYA DÖZÜMSÜZLÜYÜNÜN NƏTİCƏSİDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.