RATİ AKSİYA ZAMANI JURNALİSTLƏRƏ QARŞI POLİS ZORAKILIĞINI PİSLƏYİR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 17 noyabrda Bakının mərkəzində keçirilmiş müxalifətin mitinqi zamanı media nümayəndələrinə qarşı düşünülmüş və planlaşdırılmış hücumu qətiyyətlə pisləyir və Azərbaycan hökumətini şahidlərin gözü qarşısında dörd jurnalistə fiziki təzyiq göstərmiş polis əməkdaşları barəsində lazımi tədbirlər görməyə çağırır.

RATİ 20-dən artıq jurnalistin mitinqin keçirildiyi bəzi yerlərə buraxılmamasından narahatlıq keçirir. Hakimiyyət orqanları qiyam polisinə barrikada və kordon qurmaqla media nümayəndələrinin hərəkətini məhdudlaşdırmağı tapşırmışdı. “Polisin nümayişdən reportaj hazırlayan jurnalistlərə mane olması yolverilməzdir. Bütün bunlar qorxu mühiti yaradır və insanlar mitinqdə çəkiliş aparmaqdan getdikcə daha çox ehtiyat edir”deyə RATİ sədri Emin Hüseynov bildirib.
Belə ki, aksiya zamanı “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu, “Turan” informasiya agentliyinin əməkdaşı Etimad Budaqov, “Media forum” saytının əməkdaşı Amid Süleymanov, RATİ-nin əməkdaşı Rasim Əliyev polis təzyiqinə məruz qalıblar. Polis əməkdaşları əyinlərində  ”Press” yazılmış gödəkcələrin olmağına baxmayaraq jurnalistləri təpik və yumruq zərbələri ilə döyüblər. Polislərin bu zorakılığı foto və video reportyorlar tərəfindən lentə alınıb.
Maraqlısı budur ki, jurnalistlərə qarşı bu qəddar və həyasız hücum Mətbuat Şurasının ofisində ATƏT-in Media Azadlığı üzrə Xüsusi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş, Azərbaycanın Mətbuat Şurasının, habelə ATƏT-in Bakı Ofisinin də iştirak etdiyi “aksiyalar zamanı jurnalistlərin təhlükəsizliyi” mövzusunda seminardan heç bir həftə keçməmiş baş verdi. Təlim Azərbaycan hökumətinin təşəbbüsü və maliyyə dəstəyi ilə baş tutub. Tədbirdə jurnalistlərə  tövsiyə olunub ki, iğtişaşlar zamanı öz təhlükəsizliklərini təmin etmək üçün üzərinə “Press” yazılmış gödəkcələr geyinsinlər.
"Biz bu təlimlərdən sonra etiraz aksiyaları zamanı polisin media nümayəndələrinə təzyiqinin azalacağına ümid edirdik. Amma tam əksinə, indi bu təzyiqin ikiqat daha artdığını görürük” deyə RATİ sədri Emin Hüseynov bildirib.
Son etiraz aksiyasında polis zorakılığı ilə üzləşmiş dörd jurnalist ötən ilin yazından bəri müxalifətin təşkil etdiyi dinc aksiyalar zamanı polisin fiziki təzyiqlərinə məruz qalmış jurnalistlərdən sonuncularıdır.
RATİ hüquq mühafizə orqanlarından intizam araşdırması keçirilməsini və cavabdeh polis əməkdaşlarının cəzalandırılmasını tələb edir.  RATİ daxili işlər nazirini və baş polis idarəsinin rəisini gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırır. RATİ həmçinin Azərbaycan hökumətini jurnalistlərin təhlükəsizliyini təmin edən qanun tətbiq etməyə çağırır.
RATİ bir daha xatırladır ki, ölkədə media nümayəndələrinə  qarşı həyata keçirilən təhdid və hücumlar araşdırılmır və cavabdehlər məsuliyyətə cəlb olunmur.
Beləliklə, RATİ ifadə azadlığının zorakılıqla məhdudlaşdırılmasını pisləyərək Azərbaycan hökumətini buna son qoymağa, jurnalistlərə edilən təzyiqləri araşdırmağa və bu təzyiqləri həyata keçirən şəxsləri cəzalandırmağa çağırır.
 
Previous Post

BAŞ REDAKTOR BARƏSİNDƏ SEÇİLMİŞ HƏBS QƏTİMKAN TƏDBİRİNİN MÜDDƏTİ DAHA 3 AY UZADILDI

Next Post

AVROPA İTTİFAQININ TƏMSİLÇİLƏRİ HİLAL MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.