RATİ ƏMƏKDAŞLARI NAXÇIVAN HAVA LİMANINDA TƏZYİQƏ MƏRUZ QALIBLAR

RATİ-nin Naxçıvandakı müxbirləri Həkimeldostu Mehdiyev və Elman Abbasov “İnternet İdarəçilik Forumunun işıqlandırılması” mövzusunda təşkil olunacaq təlimdə iştirak etmək üçün muxtar respublikadan Bakıya gələrkən Naxçıvan Hava Limanında təzyiqlə üzləşiblər.

Bu barədə RATİ-yə H.Mehdiyev məlumat verib.
Belə ki, jurnalistlər avqustun 22-də axşam saat 22 radələrində Naxçıvan Hava Limanına gələrək digər sərnişinlər kimi qeydiyyatdan keçmək üçün növbə tutublar. Amma onlar qeydiyyatdan keçirilməyib: “Özünü Hava Limanının təhlükəsizlik xidmətinin əməkdaşı kimi təqdim edən bir gənc bizə yaxınlaşaraq, reysimizin təxirə salındığını dedi. Biz isə digər sərnişinlərin qeydiyyatdan keçdiyini göstərərək yalnız ikimizin hansı səbəbdən saxlanılmağımızı aydınlaşdırmağa cəhd etdik. Bu zaman çoxsaylı təhlükəsizlik xidməti əməkdaşı bizə qarşı hücum etdilər, bizi fiziki təzyiq göstərməyə başladılar”.

    H.Mehdiyevin sözlərinə görə, onlara Bakıya uçmalarının hansı səbəbə görə məhdudlaşdırılması  barədə heç bir məlumat verilməsə də, 23 avqust səhər saat 4 radələrində onlara Naxçıvandan Bakıya uçmaq üçün imkan yaradılıb.

Qeyd edək ki, RATİ-nin Naxçıvandakı müxbirləri Həkimeldostu Mehdiyev və Elman Abbasov üçün 22 Avqust 2012-ci il tarixində Bakı şəhəri Nizami küçəsi 84 ünvanında yerləşən “Silk Way Travel” şirkətinin aviakassasından bilet alıb. Biletə görə təyyarə 23 Avqust saat 00:01-də  Naxçıvandan Bakıya uçmalı idi. Əməkdaşlarımız biletdə yazılan vaxtdan 2 saat əvvəl Naxçıvan hava limanına gedən zaman onlara bildiriblər ki, sizin getməli olduğunuz təyyarənin uçuşu ləğv olunub. Əməkdaşlarımız bu uçuşun ləğv olunması səbəbləri barədə məlumat almaq istəsələr də, onlara konkret bir söz deyilməyib. Beləliklə əməkdaşlarımız 5 saata yaxın  gözlədikdən sonra saat 04:00-da  Naxçıvandan  uçan təyyarə ilə gələrək saat 05:00-da Bakıya çatıblar. Əməkdaşlarımızın üzləşdiyi bu problemin səbəbini müəyyən etmək məqsədilə RATİ “Silk Way Travel” şirkətinə də rəsmi sorğu ilə müraciət hazırlayıb.

Previous Post

SMDT SƏDRİ ANAR MƏMMƏDLİ İLƏ MÜSAHİBƏ

Next Post

ELANLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.