RATİ-NİN NAXÇIVANDAKI BİR ƏMƏKDAŞI PROKURORLUQDA HƏDƏLƏNDİ, DİGƏRİNİ İSƏ POLİSLƏR AXTARIR

iyul 20th, 2011
İyulun 19-da saat 19.30-da RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyev Şərur rayon Prokurorluğuna çağırılıb. Saat yarım dindirilib və ondan izahat alınıb. Bu haqda məlumatı RATİ-yə H. Mehdiyevin özü bildirib.

“Dünən əvvəlcə yaşadığım kəndin inzibati ərazi üzrə nümayəndəsi prokurorluğa çağırıldığımı bildirdi. Mən ona rəsmi çağırış olmayınca prokurorluğa getməyəcəyimi dedim. Günün sonunda isə mənə prokurorluqdan çağırış gəldi. Mən prokurorluğa getdim və izahat verdim”, – deyə  H. Mehdiyev deyib.

 H.Mehdiyev prokurorluqda  haqqında qanundan kənar elektrik enerjisi işlətmə ittihamı ilə açılmış  cinayət işinə görə sorğu-sual edildiyini və prokuror tərəfindən həbs oluna biləcəyi ilə bağlı  hədələndiyini bildirdi:  “Mən lazım olan  izahatı yazdım. Prokurora bunun əsasız olduğunu və mənim fəaliyyətimlə bağlı olduğunu bildirdim. Şərləyərək həbs etdirmələrindən qorxmadığımı, fəaliyyətimdən geri çəkilməyəcəyimi dedim. Onlar mənə dedilər ki, qanunsuz guya elektrik sərf etmişəm və min manatdan artıq cərimə verməliyəm,  ya da həbs olunacağam”.

Xatırladaq ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobilyuma sexinə gələn elektrik xəttini  kəsdirib. İyulun 15-də  məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Evinə və sexə gedən elektrik xətləri elektrik dirəkləri ilə birlikdə çıxarılaraq müsadirə olunub. Jurnalistin şəxsi mülkiyyətinə aid olan  yardımçı tikililərini, qarajını sökülməyə, yuyucu aparatın isə müsadirə etməyə cəhd ediblər. Məsələni araşdırmaq üçün jurnalistlər Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gediblər. Polislər onlara çəkiliş aparmamaları üçün fiziki güc tətbiq ediblər. Jurnalistlər faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğuna şikayət veriblər.

 

Yeri gəlmişkən onu da qeyd edək ki, dünən səhərdən polis H.Mehdiyevin evini nəzarətə götürüb və onun oğlu, RATİ əməkdaşı Mehman Mehdiyevi axtarıblar. Qeyd edək ki, H.Mehdiyevin evinə basqın səhnəsini və jurnalistlərə təzyiq faktını kənardan məhz M.Mehdiyev çəkmişdi  və onda polislər onun dalınca qaçsalar da, RATİ əməkdaşının  apardığı çəkilişi ələ keçirə bilməmişdilər. Amma polislər M.Mehdiyevi mütləq şərləyərək həbs edəcəklərini H.Mehdiyevə deyiblər.