BƏXTİYAR HACIYEVİN QAPALI KEÇİRİLƏN MƏHKƏMƏSİNDƏ İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (20 iyul) Səbail rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin istintaq zamanı zorakılığa məruz qalmağı barədə Respublika Prokurorluğuna qarşı iddiası üzrə məhkəmə iclası keçirildi. Hakim B.Hacıyevin iddiasını  təmin etməyən qərar verdi.

Belə ki, məhkəmə prosesini müşahidə etməyə gələn çoxsaylı media nümayəndələrinə və gənc fəalın hüquqlarını müdafiə komitəsinin üzvlərinə prosesin qapalı keçiriləcəyi bildirilib və buna heç bir əsas göstərilməyib.

Qeyd edək ki, məhkəmə iclası gözlənildiyi vaxtdan xeyli keçdikdən sonra başlanıb. Məhkəmə iclası B. Hacıyevin vəkillərinin iştirakı olmadan keçirilib.

Məhkəmədən sonra gənc fəalın hüquqlarının müdafiə komitəsinin rəhbəri, hüquq müdafiəçisi İntiqam Əliyev RATİ-yə açıqlamasında bildirdi ki, B. Hacıyevin özü prossesin qapalı keçirilməyinə ciddi etiraz edib:

“Bəxtiyar  məhkəmədə bildirdi ki,  işgəncə və pis rəftarla bağlı baş verənlər ictimaiyyət üçün açıq olmalıdır. Bu mənada, bu məlumatlar həm də ilkin instansiya  və apellyasiya məhkəməsindən iş araşdırılan zaman səsləndirilmişdi. Bəxtiyar Hacıyev məhkəməyə yazılı vəsatət təqdim edərək, prosesin açıq keçirilməsi və ictimaiyyət nümayəndələrinin də prosesdə iştirakının təmin edilməsini istədi. Lakin bu vəsatət rədd edildi. Bundan sonra Hacıyev vəkil tutub-tutmamaq məsələsinin müzakirə edilməsi üçün görüş verilməsini xahiş etdi. Uzun müzkirələrdən sonra məhkəmə prosesində yaxınları ilə bir neçə dəqiqəlik görüş alındı. Müzakirələr nəticəsində belə qərara gəlindi ki, ictimaiyyət nümayəndələrini bu prosesə buraxmırlarsa, belə situasiyada vəkilin iştirakının olub olmamasının heç bir əhəmiyyəti yoxdur”,  –  deyə İ. Əliyev məlumat verdi.

Saat 16:30 radələrinə kimi çəkən məhkəmə prosesindən sonra B. Hacıyevin prokurorluğa qarşı şikayətinin təmin edilmədiyi bildirilib.

İ. Əliyev bildirdi ki, bu qərar heç də gözlənilməz bir qərar olmadı və növbəti addımlar  ölkədaxili müdafiə vasitələrindən keçdikdən sonra işi Avropa Məhkəməsinə göndərmək olacaq.

Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb. Fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.   18 may  2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin  Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək  2 il müddətinə azadlıqdan məhrum olunması  barədə hökm çıxarıb.

Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.

 

 

Previous Post

ƏLİSOYLAR AİLƏSİ NAXÇIVANI TƏRK ETMƏYƏ MƏCBUR OLUB

Next Post

RATİ-NİN NAXÇIVANDAKI BİR ƏMƏKDAŞI PROKURORLUQDA HƏDƏLƏNDİ, DİGƏRİNİ İSƏ POLİSLƏR AXTARIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.