RATİ-NİN NAXÇIVANDAKI BÖLGƏ MÜXBİRİ VƏ AİLƏSİ ÖLÜMLƏ HƏDƏLƏNİR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Naxçıvandakı bölgə müxbiri Elman Abbasovun ev telefonuna naməlum şəxs zəng edərək jurnalisti ölümlə hədələyir, onu və ailəsini nalayiq ifadələrlə təhqir edir. Bu barədə RATİ-yə E.Abbasovun özü məlumat verib: “Həmin adam qəribə dildə danışır.

Bu ya  fars, ya da kürd dillidir. Dünən Türkiyə kürdlərinin ləhcəsində danışırdı, bu gün isə İran azərbaycanlılarının ləhcəsində. O, sentyabrın 21-də  saat 16.15–də, sentyabrın 22-də isə saat 15.10 və 15.30-da ardıcıl olaraq zəng edib,  məni və ailəmi hədələyir, nalayiq söyüşlər söyür”.
Jurnalistin sözlərinə görə, bu hal birinci dəfə deyil. Bu zamana qədər də ona hüquq müdafiəçisi və jurnalistika fəaliyyəti ilə əlaqədar bu səpkidə təhdid zəngləri olub. Bu haqda dəfələrlə hüquq mühafizə orqanlarına yazılı şəkildə müraciət etsə də  heç bir nəticəsi olmayıb. Belə ki, E. Abbasov bu gün (22.09.09) baş verənlər barədə Naxçıvan şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib və həmin şəxsin tapılaraq cəzalandırılmasını xahiş edib.
     Xatırladaq ki, 2007-ci ilin mart ayının 6-da E. Abbasovun mobil telefonuna gizli nömrədən zəng olunaraq, rus dilində danışan şəxs onun başını kəsəcəyi ilə hədələyib, onun ünvanına nalayiq söyüşlər söyüb. 30 yanvar 2009-cu il tarixdə E. Abbasovun mobil telefonuna zəng edərək  özünü Sədərək rayon sakini Malik Əliyev  kimi təqdim edən şəxs RATİ-nin Naxçıvandakı bölgə müxbirləri E. Abbasovu, H. Mehdiyevi, “Azadlıq” radiosu və “Turan” İA-nin müxbiri Məlahət Nəsibovanı ölümlə hədələmişdi. Hər iki hadisə zamanı rəsmi qaydada MR Daxili İşlər Nazirliyinə, MR Prokurorluğuna, MR Milli Təhlükəsizlik Nazirliyinə müraciət olunsa da, heç bir tədbir görülməyib.  

Previous Post

QƏNİMƏT ZAHİDƏ ŞƏR ATAN QADIN HƏBS OLUNDU

Next Post

XIN-in qarşısında piket cəhdi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.