QƏNİMƏT ZAHİDƏ ŞƏR ATAN QADIN HƏBS OLUNDU

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi (Zahidov) şərləyərək, onun həbs olunmasına səbəb olan  Sevgiladə Quliyeva həbs edilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Q.Zahidin vəkili Elçin Sadıqov məlumat verib. Onun bildirdiyinə görə sentyabrın 20-də Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları Ağdam rayonun sakini, 1975-ci il təvəllüd Sevgiladə Quliyevanı həbs edərkən onun üzərindən narkotik maddə olan heroin çıxıb. Bundan başqa,  S.Quliyeva xəstəxanaların birində vətəndaşın əl çantasından qızıl və zinət əşyalarını oğurlamaqda təqsirləndirilir.

Məsələni dəqiqləşdirmək üçün Xətai Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa cəhd göstərsək də, telefonlarımıza cavab verən olmadı.
DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov “Azadlıq” radiosuna  bildirib ki, hazırda Xətai RPİ-nin istintaq şöbəsində qadının əməlləri ilə bağlı cinayət işi başlayıb.
Qeyd edək ki, Yasamal rayon məhkəməsi Qənimət Zahidin həbs olunmasında bu qadının ifadəsini əsas sübut saymışdı. Belə ki, Qənimət Zahidin cinayət işi ilə bağlı istintaq materiallarında və məhkəmədəki ifadələrində Sevgiladə Quliyeva bildirirdi ki, 2007-ci ildə “Azərbaycan” nəşriyyatının qarşısında Qənimət Zahid ona sataşıb. Bundan sonra tanışı Vüsal Həsənovla baş redaktor arasında mübahisə yaranıb və onun iddiasına görə, Qənimət Zahid Vüsal Həsənovu döyüb. Ancaq həm Qənimət Zahid, həm də onun vəkilləri də bu işin qurama olduğunu, Sevgiladə Quliyevanın həmin vaxt oğurluğa görə axtarışda olduğunu, baş redaktorun həbs olunması üçün istifadə edildiyini deyirdilər. Ancaq məhkəmə vəkillərin vəsatətinə əhəmiyyət verməmişdi.
Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov RATİ-yə onu da bildirib ki, Sevgiladə Quliyevanın həbs olunması bu işin qurama olduğunu bir daha sübut edir və bu səbəbdən də, müdafiə tərəfi Ali Məhkəməyə müraciət edərək, cinayət işinin yenidən araşdırılmasını tələb edəcək.

Previous Post

RATİ SƏDRİ VƏ ƏMƏKDAŞININ İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

RATİ-NİN NAXÇIVANDAKI BÖLGƏ MÜXBİRİ VƏ AİLƏSİ ÖLÜMLƏ HƏDƏLƏNİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.