RATİ MONİTORİNQ LAYİHƏSİNİN ARALIQ HESABATINI TƏQDİM ETDİ

mart 4th, 2009
Bu gün (5 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi referendum dövründə KİV-in monitorinqi layihəsinin ilkin nəticələrini açıqlayıb.

RATİ-nin mətbuat mərkəzində keçirilən tədbirdə qeyd edilib ki, monitorinq 8 kanal (“AzTv”, “Ans”, “Atv”, “Xəzər” Tv, “Space”, “İTV”, “Lider”, “İdman Azərbaycan”) və 7 qəzet (“Yeni Müsavat”, “Azadlıq”, “Xalq”, “Zerkalo”, “Respublika”, “Azərbaycan ”, “Yeni Azərbaycan”) üzərində aparılır. Qeyd edək ki, layihənin nəticələri aydın və dəqiq metodologiya vasitəsilə müəyyən edilmişdir. Belə ki, layihənin məqsədi referenduma çıxarılan məsələləri və ya qeydə alınmış təşviqat qruplarının dəstəkləmək və ya dəstəkləməmək deyil, seçki kampaniyası dövründə media mühitinin bütövlükdə istiqamətini müəyyənləşdirməkdən ibarətdir.
RATİ-nin monitorinq heyətinin gəldiyi ilkin ümumiləşdirilmiş nəticə görə nə telekanallarda, nə də qəzetlərdə referendumla bağlı sosial reklam təqdim olunmayıb. Eləcə də MSK tərəfindən hər bir təşviqat qrupuna 23 000 AZN ayrılsa da nə telekanallarda nə də ki, qəzetlərdə, təşviqat qruplarının ödənişli reklamlarına rast gəlinməyib. Dövlət büdcəsindən maliyyələşən və Azərbaycanda yayım ərazisinə görə, birinci yerdə olan AzTv referendumla bağlı  işıqlandırmanı aşağı səviyyədə aparmışdı, lakin hazırki prezident İlham Əliyevə çox pozitiv tərzdə, həddindən artıq geniş efir vaxtı ayırmışdır. 15 oktyabr prezident seçkiləri ərəfəsində olduğu kimi dövlət televiziyası və özəl telekanalların çoxu hazırkı prezidentin fəaliyyətini həm vaxt, həm də tərz baxımından geniş şəkildə işıqlandırıb. Monitorinqi aparılan özəl telekanallar arasında təşviqat qruplarının işıqlandırılmasında “ANS” nisbət baxımından daha çox müxtəliflik nümayiş etdirmişdir.
Telekanallarla müqayisədə çap mediasında daha geniş fikir müxtəlifliyi əks edilib. İctimai televiziyadan başqa monitorinqi aparılan digər bütün telekanallarda referendumla əlaqəli olan xəbərlərdə və digər proqramlarda təşviqat qruplarına deyil, daha çox digər fiqurlara (bir qayda olaraq MSK) yer ayrılıb. Çap mediası ilə müqayisədə telekanallarda referendumla bağlı məsələlər və təşviqat qruplarının fəaliyyəti daha az işıqlandırılıb.

Hesabatın tam mətni ilə burada tanış ola bilərsiniz

          http://www.irfs.az/content/view/2001/29/lang,az/

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,202/lang,az/