RATİ-NİN NAXÇIVANA SƏFƏR ETMİŞ ƏMƏKDAŞI OMBUDSMANA MÜRACİƏT EDİB

RATİ-nin Naxçıvana səfər etmiş əməkdaşı Rəsul Cəfərov bu gün (20 dekabr) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovaya müraciət edib.


 Müraciətdə Naxçıvan səfərinə toxunan Cəfərov Naxçıvan MR Şərur rayonunun Püsyan kəndində yaşayan Çapay Əlisoy və onun ailəsinin üzləşdiyi təzyiqlərlə bağlı Ombudsmana məlumat verib. Müraciətdə bildirilir ki, Çapay Əlisoya rəsmi sənədlərlə məxsus olan dükan tipli tikili və bu tikiliyə bitişik olan digər tikililər dekabrın 10-da məhkəmə qərarı olmadan sökülüb. Söküntü əməliyyatı Şərur rayon İbadulla kənd polis şöbəsinin rəisi Əhməd Təhməzov və onun tabeçiliyində olan polis nəfərləri tərəfindən həyata keçirilib. Söküntüyə etirazlarını bildirən Çapay Əlisoy və onun bacısı Rəxşəndə Tağıyeva polislər tərəfindən fiziki zorakılığa məruz qalıblar, Əlisoyun digər bacısı Gülarə Əliyeva isə baş verənlərdən şoka düşüb. Nəticədə hər üç şəxsə təcili tibbi yardım göstərilməsinə zərurət yaransa da, onlara qarşı qeyri-insani davranış nümayiş etdirilərək bu şəxsləri təcili tibbi yardımdan məhrum ediblər.

 

RATİ-nin əməkdaşı Ombudsmandan fiziki təzyiqlərə məruz qalmış şəxslərin tibbi yardımla təmin olunmasına, Çapay Əlisoyun ailəsi üçün normal həyat şəraitinin yaradılmasına köməklik göstərməyi, eyni zamanda Naxçıvan MR Ombudsmanın da məsələ ilə maraqlanmasına çağırış etməyi xahiş edib.

 

Xatırladaq ki, R. Cəfərov 15-17 dekabr 2010-cu il tarixlərində Naxçıvana səfər edib, səfərin əsas məqsədi işgəncələrə və qeyri-insani davranışa məruz qalan Çapay Əlisoy və onun ailə üzvlərinə baş çəkmək, vəziyyəti yerində öyrənmək olub.

 

Previous Post

DEPUTATLIĞA KEÇMİŞ NAMİZƏD DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ MÜRACİƏT EDİB

Next Post

TANINMIŞ FOTOREPORTYOR VƏFAT ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.