DEPUTATLIĞA KEÇMİŞ NAMİZƏD DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ MÜRACİƏT EDİB

dekabr 20th, 2010
17 saylı Yasamal 3-cü seçki dairəsindən deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev  mobil telefonuna hədə-qorxu xarakterli anonim zəngin  daxil olması səbəbindən Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. Bu barədə bu gün (20 dekabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) B. Hacıyevin özü məlumat verib.

B. Hacıyev bildirib ki, hədə zəngi ona dünən daxil olub:

“Dünən  səhər saat 04:57-də mənim mobil telefonuma  anonim zəng daxil olub.   Zəngin ümumi müddəti 34 saniyyə olmuşdu. Anonim zəngi qəbul edəndə yuxulu olduğumdan ilk deyilənləri tam anlamadım, amma zəng edən şəxs sonda "Gəncliyinə yazığın gəlsin" deyib zəngi sonlandırdı.” –deyən B. Hacıyev bu zəngin siyasi baxışları ilə əlaqəli olduğunu və son aylar ətrafında baş verən siyasi proseslərin bir hissəsi olduğunu güman etdiyini bildirdi.

 

Xatırladaq ki, B. Hacıyev noyabrın 18-də Gürcüstan ərazisinə keçmək istəyərkən, “Qırmışı körpü” sərhəd keçid məntəqəsində  Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən hər hansı bir əsas olmadan  saxlanılaraq, birbaşa  Gəncəyə aparılıb. Qazax rayon regional hərbi prokurorluqda izahatı alındıqdan sonra Gəncə şəhər polis idarəsinə gətirilib. B. Hacıyevin sözlərinə görə, orada ona ölkədən kənara buraxılmamasının bir göstəriş olduğu deyilib. Noyabrın 19-da B. Hacıyev sərbəst buraxılıb.