“MİLLİ YOL” QƏZETİNİN BAŞ REDAKTORUNUN HƏBSİ ZAMANI RATI ƏMƏKDAŞLARI FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Bu gün (08 oktyabr) “Milli yol” qəzetinin və Poliqon İnformasiya Agentliyinin (PİA.AZ) baş redaktoru Şahin Ağabəyli, müavini Ravil Məmmədov mülki geyimli şəxslər tərəfindən həbs olunublar.

Şahin Ağabəylinin kobud qanun pozuntuları ilə müşahidə olunan həbsinin şahidi olmuş Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşları İdrak Abbasov, Elnur Məmmədov və Qənbər Qənbərov isə polis təzyiqinə məruz qalıblar və onların əllərindən videokameralar və fotoaparat zorla alınaraq müsadirə olunub.
Belə ki, “Milli yol” qəzetinin baş redaktoru Şahin Ağabəyli saat 16.00-da RATİ-nin Qaynar Xəttinə zəng edərək, müavini Ravil Məmmədovun həbs olunması barədə məlumat verib. Ş.Ağabəylinin sözlərinə görə, həmin vaxt R.Məmmədovun yanında yaxın dostu Namiq İsgəndərov olub.
Namiq İsgəndərov RATİ-yə bildirib ki, Ravil Məmmədovla birlikdə Əzizbəyov rayon hərbi komissarlığından qayıdarkən  saat 12.00 radələrində Buzovna dairəsində avtobusdan düşüblər. Bu zaman MTN əməkdaşı olduqlarını deyən, lakin sənəd təqdim etməyən 5 nəfər idmançı görkəmli şəxs Ravilin axtarışda olduğunu deyərək, jurnalisti zorla maşına oturdaraq naməlum istiqamətə aparıblar. Namiq İsgəndərov onu da bildirdi ki, həmin şəxslər 3 maşında olublar və R.Məmmədovun həbs olunması onlar tərəfindən videokamera ilə lentə alınıb. “Digər iki maşının nömrəsini görə bilmədim. Ravil Məmmədovun aparıldığı boz rəngli “E Klass Mercedes”in də yalnız qabaq  hissəsində nömrə vardı. Əvvəli yadımda qalmasa da, sonu 005 idi” –  deyən  N.İsgəndərov vurğuladı ki, bundan sonra Ravil Məmmədov barəsində heç bir məlumat ala bilməyiblər.  
 “Milli yol”un baş redaktoru 17.00-da RATİ-yə yenidən zəng edərək vurğuladı ki, müavininin harada olması və kimlər tərəfindən hansı səbəb saxlanması ilə bağlı məlumat əldə etmək üçün dəfələrlə Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Daxili İşlər Nazirliyi (DİN) ilə dəfələrlə əlaqə saxlasa da, nəticəsi olmayıb. Ş.Ağabəyli Ravil Məmmədovun taleyi ilə bağlı araşdırma aparılmasını xahiş etdi. RATİ Ravil Məmmədovla bağlı məlumat verilməsi ilə əlaqədar MTN və DİN-ə təcili informasiya sorğuları göndərib və telefon əlaqəsi saxlayıb.
Məsələ ilə əlaqədar DİN mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov RATİ-yə bildirdi ki, bu barədə heç bir məlumata malik deyillər.
MTN İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəisi Arif Babayev RATİ-nin sorğusuna cavab olaraq bildirdi ki, MTN belə bir əməliyyat keçirməyib və Ravil Məmmədov adlı şəxs MTN əməkdaşları tərəfindən saxlanmayıb.
Şahin Ağabəyli saat 18.05-da RATİ-yə məlumat verib ki, Ravil Məmmıdov saat 18.00-da dostuna zəng edərək bildirib ki, Daxili İşlər Nazirliyində saxlanılır. Ravil Məmmədov vurğulayıb ki, 05 oktyabr tarixində PİA.az saytında “DİN-də ixtisarlar olacaq” yazısına görə sorğu-sual edilir.
Saat 19.00 radələrində Ş.Ağabəyli “Milli yol” qəzetinin və Poliqon İnformasiya Agentliyinin Rəsul Rza və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində yerləşən ofisinin mülki geyimli polis əməkdaşları tərəfindən mühasirəyə alındığını bildirib. Dərhal PİA-nın ofisinə gedən RATİ-nin araşdırma qrupu ofisin həqiqətən də mülki geyimli şəxslər tərəfindən mühasirəyə alındığının şahidi olublar.
Saat 19.30-da RATİ əməkdaşları İdrak Abbasov və Qənbər Qənbərov Şahin Ağabəyli ilə mülki geyimli şəxslərin birinin söhbətini lentə alarkən, mülki geyimli şəxslər qəflətən hücum edərək, Şahin Ağabəylini həbs etmiş, həmçinin RATİ əməkdaşlarının qollarını buraraq, çəkiliş avadanlıqlarını zorla əllərindən alıblar. Bundan başqa, binanın bayır hissəsində çəkiliş aparan digər RATİ əməkdaşı Elnur Məmmədovu da zorla avtomobilə basaraq əlindəki virokameranı müsadirə etmiş və onu Ş.Ağabəyli ilə eyni maşında aparıblar.
Saat 19.45-də RATİ sədri Emin Hüseynov baş vermiş hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Sadiq Gözəlovla əlaqə saxlayaraq bildirmişdir ki, hadisə yerində məlumat əldə etmək istəyən RATİ əməkdaşlarından bir ədəd peşəkar “Sony” videokamerası, bir ədəd portativ “Sony” videokamerası və bir ədəd “Nikon D90” peşəkar fotoaparatı müsadirə edilərək götürülmüş, həmçinin Elnur Məmmədov polislər tərəfindən aparılmışdır. Sadiq Gözəlov RATİ əməkdaşları ilə bağlı məsələni araşdıracağına söz verib. O, həmçinin bildirdi ki, hazırda saytın digər əməkdaşı Eldəniz Elgün də DİN-də onun yanında olub və Ravil Məmmədovun işi ilə maraqlanır.
RATİ əməkdaşı Elnur Məmmədov yolda polislər tərəfindən maşından düşürülərək sərbəst buraxılsa da, avadanlıqlar geri qaytarılmayıb. Ancaq RATİ sədrinin aramsız zənglərinə Sadiq Gözəlov cavab verməkdən imtina edib.
Saat 22.00-da Şahin Ağabəyli və müavini Ravil Məmmədov, eləcə də PİA.AZ saytının əməkdaşı Eldəniz Elgün sərbəst buraxılıblar. Onlar Həmçinin özləri ilə RATİ-nin müsadirə olunmuş avadanlıqlarını öz ofislərinə gətirərək, RATİ əməkdaşlarına təhvil veriblər.
 Qeyd edək ki,  baş vermiş hadisə ilə bağlı sabah saat 13.00-da  RATİ-nin mətbuat mərkəzində mətbuat konfransı keçiriləcək.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.