RATİ-nin yeni hesabatı “Yayım Mediası Nəzarət Altında” -Azərbaycanın yayım mediasının təhlili

Bakı, 29 Mart 2013

Azərbaycan mediasında plüralizmin olmaması ifadə azadlığı üçün çox ağır nəticələr doğuraraq vətəndaşların yerli və beynəlxalq qanunvericiliklə qorunan məlumat əldə etmək hüququnun pozulmasına gətirib çıxarır. Bu fikir medianı müdafiə təşkilatı olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) yeni hesabatında qeyd olunur.

“Media nəzarət altında: Azərbaycan yayım mediasının qiymətləndirilməsi” adlı yeni hesabatın nəşri yerli televiziya kanallarında müxalif gənc fəalların törətdikləri iddia olunan cinayəti etiraf etmələri barədə süjetin efirə getməsinə kəskin ictimai narazılığın baş verməsindən bir neçə həftə sonraya təsadüf edir.

Masaarxası tədqiqat, hüquqi təhlil, məzmunun müzakirəsi və ən əsası monitorinq nəticələri əsasında hazırlanmış 37 səhifəlik hesabat bir-biri ilə sıx əməkdaşlıq edən media ekspertləri tərəfindən həyata keçirilmiş birgə layihənin nəticələrini təqdim edir.

Hesabatdan görünür ki, Azərbaycanda ifadə azadlığı, xüsusilə də milli yayım mediasında plüralizm ciddi təhlükə altındadır.

“Dövlət öz xalqı və beynəlxalq ictimaiyyət qarşısında ifadə azadlığını təmin etmək öhdəliyi götürübsə bundan imtina etməməli və hüquqlarını qorumalı olduğu vətəndaşların hüquqlarını pozmamalıdır. Biz hökuməti Azərbaycan xalqına hörmət etməyə, o cümlədən vətəndaşların informasiya əldə etmək hüququnu və ifadə azadlığını təmin etməyə çağırırıq” deyə RATİ sədri Emin Hüseynov bildirib.

RATİ və hesabat müəllifləri ümid edir ki, hesabat dövlət siyasətində real dəyişikliklərə gətirib çıxarmaqla yanaşı, həm də Azərbaycan hökuməti, Milli Televiziya və Radio Şurası və digər qurumların vətəndaşların informasiya almaq hüququnu qorumağa və təmin etməyə hüquqi cəhətdən borclu olduqlarını dərk etmələrinə nail olacaq.

RATİ bir daha Azərbaycan hökumətinə müraciət edərək bu hüquqları məhdudlaşdırmamağa və ölkənin beynəlxalq öhdəliklərinə uyğun olaraq mövcud vəziyyəti düzəltməyə çağırır.

 

Previous Post

Sosial mediaya nəzarət etmə cəhdləri hakimiyyət üçün düzgün mübarizə üsulu deyil

Next Post

“İsaxan Aşurov mükafatı” jurnalist Hilal Məmmədova verildi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.