İSLAM PARTİYASI SƏDRİNİN APELYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

 Bu gün (25 yanvar) Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov barəsində  Nəsimi rayon Məhkəməsinin çıxardığı 20 yanvar 2011-ci il tarixli hökmündən verilən apellyasiya şikayəti təmin edilmədi. Bu barədə RATİ-yə M. Səmədovun vəkili Anar Qasımov  məlumat verib.

Qeyd edək ki, məhkəmənin nəzarət buraxılış məntəqəsində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) prosesin qapalı keçirilməsi səbəbindən media nümayəndələrinin oraya buraxılmayacağı bildirildi.

Xatırladaq ki, yanvarın 7-də Azərbaycan   İslam Partiyasının  sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiya fəalı Elçin Həsənov və partiya sədrinin sürücüsü Mirhüseyn Kazımov həbs ediliblər. Yanvarın 9-da «Məşədi Dadaş» məscidinin axundu Şahin Həsənli polis tərəfindən saxlanısa da sonradan azad edilib. Yanvarın 10-da Hövsan qəsəbə sakini Nurəddin Darafərin və Bülbülə qəsəbə sakini Babək Həsənov, İlahiyyatçı Zülfüqar Mikayılzadə, Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Mehdi Məmmədov, İslam Partiyası  sədrinin birinci müavini Elçin Manafov, İslam Partiyasının Mətbuat Xidmətinin rəhbəri Akif Heydərli və digərləri saxlanılıb. Nəsimi rayon Məhkəməsi isə yanvarın 20-də  M. Səmədova qarşı Cinayət Məcəlləsinin 214-cü maddəsi (Terrorçuluq), Cinayət Məcəlləsinin 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə iş qaldırılaraq,  partiya sədri barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Belə ki, yanvarın 2-də İslam Partiyası Baş Məclisinin iclasında partiya sədri Möhsün Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin tənqid edib, bunu Azərbaycan xalqına mənəvi zərbə kimi qiymətləndirib və xalqı iqtidara qarşı mübarizəyə səsləyib. Sözügedən videoçarx http://www.youtube.com/watch?v=9DQ7Sb7ZQvI&feature=player_embedded) sosial şəbəkələrdə yayılıb. İslam Partiyası sədrinin və onun tərəfdarlarının  məhz bu məsələyə görə həbs edilməsi istisna olunmur.

Qeyd edək ki, Azərbaycan İslam Partiyası 1991-ci ildə Bakının Nardaran kəndində yaradılıb. Partiya 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 1995-ci ildə partiya sədri və müavini İrana casusluqda ittiham olunaraq həbs ediliblər. Partiyanın qeydiyyatı da Ali Məhkəmə tərəfindən ləğv edilib.

Partiyanın 2007-ci ildə keçirilən qurultayında 1993-cü ildə AİP-in Quba rayon komitəsinin rəhbəri olan Mövsüm Səmədov İslam Partiyasının sədri seçilib. Mövsüm Səmədov 1965-ci ildə Qubada doğulub. Tibb Universitetini bitirib. Rusiyada, Dağıstanda həkimlik edib. 1996-cı ildən İrana gedib, Qum şəhərindəki Ali İslam Univesitetini bitirib.

 

Previous Post

JURNALİSTLƏR 4 HƏFTƏLİK TRENİNQLƏRƏ DƏVƏT EDİLİR

Next Post

BƏXTİYAR HACIYEVƏ QARŞI FƏRARİLİK MADDƏSİ İLƏ CİNAYƏT İŞİ AÇILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.