Yanvarın 25-də RATİ-nin mətbuat mərkəzində deputatlığa keçmiş namizəd, gənc fəal Bəxtiyar Hacıyevin bir gün əvvəl həbs olunmasına dair tərəfdaşları tərəfindən mətbuat konfransı keçirildi. Rail Abbasov bildirdi ki, Bəxtiyar Hacıyevi Gürcüstana getmək istəyərkən sərhədə tutublar və o, Gəncə şəhərində saxlanılır.
“Bəxtiyarın təhsil alması ilə bağlı möhlət hüququ var və o bu hüquqdan istifadə etmək istəyir”, – deyə o bildirib.
Hüquq müdafiəçisi Vidadi İsgəndərov bildirdi ki, möhlət hüququ varsa, onu əsgərliyə aparmağın özü qanunsuzluqdur.
Dalğa Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılı, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı da Haciyevin siyasi sifarişlə saxlanıldığını bildirdilər.
Xatırladaq ki, 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkisində 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev seçkidən bir neçə gün sonra, noyabrın 17-də təhsil üçün Gürcüstana getmək istəyərkən Qazax rayonunun Qırmızı Körpü sərhəd-keçid məntəqəsində saxlanmışdı. O zaman Konstitusiya Məhkəməsi seçkinin nəticələrini hələlik təsdiq etmədiyindən deputatlığa namizəd statusunda olan Bəxtiyar Hacıyev bir gün sonra azad edilmişdi.