Yanvarın 8-də baş prokuror Zakir Qaralov və yanvarın 9-da Daxili işlər naziri Ramil Usubovla görüşən hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Çingiz Qənizadə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevlə bağlı məsələ qaldırıblar.
Əlavə edək ki, dekabrın 29-da Fətullayevin üzərindən 0,22 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Qeyd edək ki, 2005-ci ildən Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.