İTV DƏ RATİ-NİN APARDIĞI MONİTORİNQİN NƏTİCƏLƏRİNDƏN NARAZI QALIB

“Hər hansı sahədə monitorinq keçirmək üçün bu sahəni yaxşı bilmək və ya məsələyə mütəxəssislər cəlb etmək lazımdır.

RATİ-nin açıqladığı nəticələr prezident seçkisi kimi məsuliyyət tələb edən siyasi bir kampaniya ilə bağlı səviyyəli monitorinq keçirildiyini şübhə altına alır, çünki burada İctimai Teleradio barədə səslənən informasiya tam yalandır”. Bu açıqlamanı APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov verib.

O, adı çəkilən telekanalda proqramların 97 faizinin prezidentliyə namizəd, dövlət başçısı İlham Əliyevə həsr olunduğunu göstərən monitorinqin nəticələrinin həqiqətə uyğun olmadığını bildirib: “Bu rəqəmin necə hesablandığı açıqlansaydı, bəlkə də bu yalan informasiyaya İctimai Teleradionu izləməyən bəzi adamları inandıra bilərdi. Amma aydın görünür ki, belə gülünc bir formada açıqlama tamamilə jurnalistika və teleradio sahəsindən uzaq olan adamın uydurmasıdır. İfadəyə fikir verin – “siyasi fiqurlar üzərində mərkəzləşən proqramlar”. Bunlar hansı proqramlar – siyasi analitik proqramlar, tok-şoulardır, xəbərdir, xəbər törəmə olduğu açıqlanmır. Bu cür qeyri-ciddi, konkret fakta əsaslanmayan açıqlamaları verən şəxslər bilməlidirlər ki, professional monitorinq keçirən yerli və beynəlxalq təşkilatlar var və onların fonunda bu belə dırnaqarası monitorinqlər vaxt itkisindən başqa bir şey deyil”.

 T. Məmmədov İTV-nin bu günədək “Nəcəf Nəcəfov Fondu” və ATƏT-in Bakı ofisinin dəstəyi ilə BBC ekspertlərinin keçirdiyi monitorinqlərin nəticələrini əsasən qəbul etdiyini qeyd edib.

  İTV üzərində monitorinq aparmış müşahidəçi Rasim Əliyev isə aparılmış monitorinqin (http://www.irfs.az/content/view/1275/28/lang,az/) nəticələrinə şübhə edən Tahir Məmmədovun iddialarını əsasız hesab edir.

“Biz monitorinqi dünya praktikasında qəbul olunmuş metodologiya əsasında aparırıq. Bu metodologiya Slovakiyanın media monitorinqi üzrə ixtisaslaşmış təşkilatı – “MEMO 98” tərəfindən hazırlanıb və bütün dünyada istifadə olunur. Bu metodologiya üzrə 28 ölkədə 40 dəfə monitorinq aparılıb. Monitorinq xəbər proqramları, tok-şoular, xəbər törəmə proqramlar üzrə aparılır. Habelə monitorinq xəbər və seçki prosesinə aid olmayan proqramlar üzərində də aparılır və biz bu kimi proqramlarda da pozuntular aşkar edirik. Məsələn, yeni tədris ili ilə bağlı İTV-də nümayiş olunan konsert proqramında  təhsil naziri Misir Mərdanov başda olmaqla çıxış edənlərin hamısı İlham Əliyevin adını pozetiv mənada hallandırıb. Digər namizədlərin adı isə yalnız  Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərarların elan edilməsi zamanı çəkilib. Seçkiləri boykot edən siyasətçilər haqqında isə cəmi bir dəfə (boykot haqqında saziş imzalamaları)  3-5 saniyəlik görüntü  nümayiş olunub”, – deyə qeyd edən R.Əliyev İTV nümayəndəsinə konkret misallarla aparılmış monitorinqin obyektiv olduğunu sübut etməyə hazır olduğunu da bildirdi.

RATİ eyni zamanda qeyd edir ki, Nəcəf Nəcəfov fondu bu seçki dövründə media monitorinqini həyata keçirmir, habelə ATƏT və BBC bu seçkilər üzrə apardıqları monitorinqin nəticələrini açıqlamayıblar. Buna görə də Məmmədovun RATİ-nin apardığı media monitorinqində ziddiyyələrin olmasını iddia etməsi anlaşılan deyil.

Previous Post

AŞPA SEÇKİ MÜŞAHİDƏ MİSSİYASI JURNALİSTLƏRİN HƏBSDƏ OLMASINI NEQATİV HAL HESAB EDİR

Next Post

MSK “MEDİAFORUM”A SİYASİ REKLAM ÜÇÜN İCAZƏ VERMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.