GƏNC FƏALA VƏKİLİ İLƏ GÖRÜŞ VERİLMƏYİB

10 sayı cəzaçəkmə müəssisəsində cəza çəkən  gənc fəal Cabbar Savalanlıya  vəkili Əsabəli Mustafayevlə görüşməyə icazə verilməyib. Vəkil Ə. Mustafayevin bu gün (5 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, o sentyabrın 3-də vəkillik orderini müəssisə rəhbərliyinə təqdim etsə də, bu nəticəsiz qalıb:

“Cəzaçəkmə müəssisəsinin rəisi Mirsaleh Seyidovla görüşdüyümdə o mənə bildirdi ki, görüş üçün Penitensiar Xidmətin məktubu olmalıdır və həmçinin məhbusla vəkilin görüşünün qeydiyyatını aparan səlahiyyətli şəxsin  iş günü deyil. Onlara bildirdim ki, həmin adamın iş günü deyilsə və ya hansısa məktubu almayıblarsa  bu mənim yox, dövlətin problemidir. Daha sonra Ədliyyə Nazirliyinin “qaynar xətt”inə zəng vurdum və oradan da bildirdilər ki, Penitensiar Xidmətin rəisinin yazılı icazəsi olmadan məhbusla görüşə bilmərəm”, –  deyə Ə.Mustafayev bildirdi.

Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə 4 may 2011-ci ildə hökm verib. 26 iyul 2011-ci il tarixdə isə Sumqayıt Apellyasiya Məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılması barədə qərar verib.

Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

 

 

 

Previous Post

POLİS ONA “XƏSARƏT YETİRƏNLƏRİ” TANIMADI

Next Post

NAXÇIVANDA JURNALİST VƏ ONUN AİLƏ ÜZVLƏRİ ÖLÜMLƏ HƏDƏLƏNİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.