CƏLAL ƏLİYEVİN “YENİ MÜSAVAT” QƏZETİNƏ QARŞI İDDİASI İCRAATA QƏBUL EDİLDİ

Bu gün (8 iyun) Nizami rayon Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə akademik Cəlal Əliyevin  “Yeni Müsavat” qəzetinə, qəzetin baş redaktor müavini Azər Ayxana və məqalə müəllifi Qoşqar Bakılıya  qarşı  mülki qaydada iddiasına əsasən məhkəmə hazırlıq iclası keçirildi.

Prosesdə iddiaçı C. Əliyevin vəkili Məzahir Sadıqov, cavabdehlər “Yeni Müsavat” qəzetinin və Azər Ayxanın nümayəndəsi  Vaqif Hüseyn iştirak edirdilər.

Hakim C.Yusifov bildirdi ki, digər cavabdeh Qoşqar Bakılıya da çağırış vərəqi göndərilsə də, o, iştirak etmir. V.Hüseyn isə bildirdi ki, Q.Bakılı ştatdankənar müəllif kimi fəaliyyət göstərir.

Hakim iddianın icraata qəbul olunduğunu bildirdi və prosesi 13 iyul saat 15:00-a təyin etdi.

Əlavə edək ki, hakim Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşlarına foto-videoçəkiliş aparmağa icazə verməyib.

Qeyd edək ki, iddiaya “Yeni Müsavat”ın bu il yanvarın 05-də işıq üzü görən sayında “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqalə səbəb olub.

Xatırladaq ki, Cəlal Əliyev sözügedən məqalələrə görə bir müddət əvvəl də Nizami rayon məhkəməsində Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. 10 fevral 2010-cu il tarixində hakim Ziya Əliyev iddia ərizəsinin düzgün hazırlanmamasını əsas göstərək, iddianın icraata götürülmədən rədd edilməsi barədə qərar çıxarmışdı. İddiaçı bu qərardan apellyasiya şikayəti versə də, bu il mayın 4-də apellyasiya şikayətini geri götürmüşdü.

 
Qeyd edək ki, millət vəkili Cəlal Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, indiki dövlət başçısı İlham Əliyevin əmisidir.
Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.
Previous Post

MƏTBUATIN SATIŞINA QADAĞA QOYULMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİB

Next Post

ÜNVANLI SOSİAL YARDIM VERİLMƏSİNİN MONİTORİNQİ CİDDİ NÖQSANLAR AŞKARLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.