MƏTBUATIN SATIŞINA QADAĞA QOYULMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİB

Bu gün (8 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində mətbuat yayımı ilə məşğul olan bir qrup şəxs mətbuat satışına qadağa qoyulması ilə bağlı mətbuat konfransı keçirib.

Tədbirdə çıxış edən Arif Əsgərov bildirdi ki, 15 ildir Bakının Nizami küçəsində  mətbuat yayımı ilə məşğul olur. O qeyd etdi ki, 1 iyun 2010-cu il tarixində heç bir əsas göstərilmədən Səbail rayon Polis İdarəsi və Səbail rayon icra hakimiyyətinin əməkdaşları onlara fəaliyyət göstərməyə qadağa qoyublar.

“Prezidentin 50 saylı sərəncamına əsasən, qanuni olaraq fərdi sahibkarlıqla – səyyar qəzet satışı ilə məşğuluq. Bakı şəhər Ticarət Departamentinə ayda 61 manat dövlət rüsumu ödəyirik.  Son olaraq, mayın 28-də 1 aylıq lisenziya almışıq, iyunun 1-dən isə bizə qəzet, jurnal satmağa imkan vermirlər və deyirlər ki, guya həmin sərəncam ləğv edilib.  Nizami küçəsi və Fəvvarələr meydanında bir neçə aydır təmir işləri getdiyi halda, biz öz fəaliyyətimizə ara verməmişik. Təmirin başa çatdığı bir ərəfədə isə gəliblər ki, guya bizə başqa ərazidə yer verəcəklər. Artıq bir həftə keçməsinə baxmayaraq, hələ də bizə yer verilməyib” – deyə Arif Əsgərov vurğuladı.

Tədbirdə çıxış edən mətbuat satışı ilə məşğul olan digər şəxslər də, qoyulmuş qadağaya son verilməyəcəyi təqdirdə etiraz aksiyaları keçirəcəklərini, hüquqlarının bərpası üçün məhkəmədə iddia qaldıracaqlarını və nəticəsi olmazsa, özlərini yandıracaqlarını vurğulayıblar.

 

Previous Post

EYNULLA FƏTULLAYEV ACLIĞI DAYANDIRIB

Next Post

CƏLAL ƏLİYEVİN “YENİ MÜSAVAT” QƏZETİNƏ QARŞI İDDİASI İCRAATA QƏBUL EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.