CƏLİLABAD POLİSİ BAŞ REDAKTORDAN İZAHAT İSTƏYİB

oktyabr 9th, 2009
“Bizim Vətən” qəzetinin baş redaktoru Mirhüseyn Nağıyev bu gün Cəlilabad rayon polis Şöbəsinə çağırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Qaynar Xəttinə baş redaktorun özü məlumat verib.

Onun sözlərinə görə, rəhbəri olduğu qəzetdə  “Cəlilabadda uşaq əməyindən istifadə olunur” bağlıqlı yazıya görə polisə çağırılıb. “Həmin yazı “Təzadlar” qəzetində də dərc olunub. Məqalədə Cəlilabadda yerləşən “Qurtuluş” ticarət mərkəzində azyaşlı uşağın əməyindən istifadə olunması əks olunub. Polisdə müstəntiq mənə bildirdi ki, yazı ilə bağlı şikayət daxil olduğu üçün izahat verməliyəm. Mən isə izahat verməkdən imtina etdim. Bu halda mənim imtina etməyimlə bağlı akt tərtib olundu. Lakin mən bu akta da imza atmaqdan imtina etdim və bildirdim ki, mən yalnız gördüklərimi yazmışam və deyəcəyim hər şey məqalədə əks olunub” – deyən M.Nağıyev vurğuladı ki, bundan sonra onu sərbəst buraxıblar.
Cəlilabad Rayon Polis Şöbəsinin Allahverdi adlı  (soyadını söyləmədən imtina etdi) müstəntiqi RATİ əməkdaşına bildirib ki, M.Nağıyev barəsində şikayət ərizəsi daxil olduğu üçün araşdırma aparılır. Şikayətin kim tərəfindən və hansı səbəb edilməsi ilə bağlı isə müstəntiq açıqlama verməkdən imtina etdi.
M.Nağıyev bildirdi ki, məsələ ilə bağlı mətbuat konfransı keçirəcək.