RATİ VƏ DEMOKRATİYA MONİTORU TƏŞKİLATININ BİRGƏ BƏYANATI

(Strasburq, Fransa 18.04.2011)

 Avropa Şurasının üzvü kimi bu qurum qarşısında ifadə azadlığının təmin edilməsi  öhdəliyi götürmüş Azərbaycanda  internet azadlığı günbəgün artan ciddi təhlükə altındadır. Bu təhlükə hakimiyyətin ifadə azadlığına dözümsüzlüyündən irəli gəlir.

  Bu gün hakimiyyət “facebook”, “twitter” və digər sosial şəbəkələrdə yaradılmış qrup hesablarına girişi əngəlləyir, internetdə siyasi baxışlarını ifadə edən gəncləri təqib edir, gənc internet fəallarını şərləyərək saxta ittihamlarla  həbs edir. Sumqayıt Dövlət Universitetinin tələbəsi, gənc blogger Cabbar Savalanlı “facebook”da siyasi və insan hüquqları çağırışları etdiyi  üçün qondarma narkotik ittihamı və Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev isə internetdə siyasi fəaliyyətinə görə hərbi xidmətdən yayınma ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.

            Gənclərin Azərbaycanda siyasi hakimiyyətin mənimsənilməsi, siyasi opponentlərin təqib edilməsi, söz azadlığının boğulması və dərin kök atmış korrupsiyaya etiraz aksiyası öncəsi yaradılmış “11 mart – Böyük Xalq Günü”, “2 aprel – Böyük Qəzəb Günü”, “17 aprel – Böyük Birlik Günü” facebook səhifələrinin yaradıcılarından biri, hal-hazırda Fransada yaşayan blogger-jurnalist Elnur Məcidli “facebook” qruplarında gəncləri etiraz aksiyalarında fəal iştiraka çağırdığı üçün qondarma dövlət çevrilişi ittihamı ilə beynəlxalq axtarışa verilmişdir. Bundan əvvəl 2009-cu ildə gənc bloggerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadə qondarma xuliqanlıq ittihamları ilə həbs edilmiş və uzunmüddətli beynəlxalq təzyiqlər nəticəsində yalnız 16 aydan sonra azadlığa buraxılmışdı. Gənc bloggerlərin yazılarına görə təhsil aldıqları müəssisələrdən qovulması halları da artmaqdadır.

Azərbaycanda internet xidməti dövlətin vahid monopoliyası altındadır, mobil internetin inkişafı qəsdən yubadılır. Belə ki, mobil operatorların 3 G və 4 G texnologiyalarına keçid imkanları olduğu təqdirdə onlara lisenziyaların verilməsi  həyata keçirilmir. Regionlarda internetin inkişafından söhbət açmaq mümkün deyil və ölkədə internet xidmətlərinin qiyməti qonşu ölkələrlə müqayisədə dəfələrlə yüksəkdir.

Siyasi etiraz aksiyaları ərəfəsində və bu etirazlar baş verərkən beynəlxalq, müstəqil və müxalifyönlü  qəzetlərin veb səhifələri və xəbər saytlarına giriş internet kanallarının sürətinin aşağı endirılməsi nəticəsində cətinləşdirilir. Eyni zamanda , www.eqreb.com, www.susmayaq.biz saytlarına giriş birdəfəlik, “Azadlıq” radiosunun veb səhifəsinə isə müxtəlif və fərqli vaxtlarda müddətli bloklaşdırılmışdır. Bundan başqa müxalifətyönlü qəzetlərin veb səhifələri və xəbər saytları hakimiyyətin təşkil etdiyi kiber hücumlara məruz qalıb.

            Azərbaycanda elektron imza haqqında qanun qəbul edilsə də bu günədək tətbiq edilmir. Bu hal ölkədə İKT-nin keyfiyyətli tətbiqinin siyasi motivlərlə yubadılmasının tərkib hissəsi kimi qəbul edilir.

Son dövrlər Azərbaycan parlamentində “facebook”, ”twitter”, “youtube” kimi sosial şəbəkə və internet servislər  əleyhinə kampaniya aparılır və həmin şəbəkələr “xarici qüvvələr”in aləti kimi Azərbaycan dövlətinə qarşı istifadə edilməkdə ittiham edilir. Belə davam edərsə bu şəbəkələrin yaxın gələcəkdə Azərbaycanda qadağan edilməsi  istisna deyil.

Hesab edirik hakimiyyətin “internet qorxusu” son vaxtlar ərəb ölkələrində yaşanan inqilab dalğası ilə əlaqədardır.

Biz Azərbaycan hakimiyyətini  ifadə və internet azadlığının təmini və qorunması üzrə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə, həbsdə olan  jurnalist və bloggerləri azad etməyə və ümumilikdə internet azadlığını təmin etməyə çağırırıq.

Hesab edirik  son vaxtlarda avtoritar ölkələrdə xalq etirazlarının artmasında internetin müstəsna rolu olduğundan  bir çox avtoritar  ölkələrdə  hakimiyyətlərin interneti nəzarət altında saxlamaq istəklərini artıracaq. Bu baxımdan Avropa Şurasına daxil olan avtoritar idarəetməni həyata keçirən rejimlər internet üzərində nəzarəti gücləndirəcəklər.  Bu cur neqativ planların həyata keçirilməsinin qarşısını ala biləcək  Avropa Şurasının yeni vahid hüquqi sənədinin qəbul olunmağına zərurət yaranır.

Biz Azərbaycanın üzv olduğu və qarşısında ifadə və informasiya azadlığı üzrə öhdəliklər daşıdığı Avropa Şurasını və digər beynəlxalq qurumları Azərbaycandan bu öhdəlikləri yerinə yetirməyi , həbs edilmiş gənc bloqqerlər və internet fəallarını, həmçinin də  həbsdə olan jurnalist Eynulla Fətullayevi dərhal azad etməyi, jurnalist  Elnur Məcədliyə qarşı əsassız cinayət işinə son qoymağı  və internet azadlığını təmin etməyi tələb etməyə çağırırıq.

 

 

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

GÜNÜN XƏBƏRLƏRİ 18 APREL 2011

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.