REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

       Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) dünən (17 aprel) İsveçdən olan jurnalistlərin saxlanılmasını kəskin surətdə qınayır və bunu ifadə azadlığına növbəti basqı kimi qiymətləndirir.

İsveçin dövlət telekanalı olan “Kanal 1”-in əməkdaşları Şarli Laprevot (Charlie Laprevote), May Rohvedder Strit (My Rohwedder Street) və Şarlotta Vijkström (Charlotta Wijkström) dünən İctimai Palata tərəfindən keçirilməli olan etiraz aksiyasını işıqlandırmaq istəyərkən “Sahil” bağında saxlanılıblar. Mülki geyimli şəxslər əvvəlcə jurnalistləri Səbail Rayon 39-cu polis bölməsinə, sonra isə Daxili İşlər Nazirliyinin Qanunsuz Miqrasiya ilə Mübarizə İdarəsinə aparıblar. Mətbuat Şurası məsələ ilə əlaqədar xarici jurnalistlərin yerli qanunlara uyğun olaraq Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməli olduğunu bəyan edib.

 

            RATİ hesab edir ki, bu cür addım birbaşa olaraq jurnalistlərin peşə fəaliyyətinə müdaxilədir və yolverilməz bir münasibətdir. Belə ki, jurnalistlərin, o cümlədən artıq viza alaraq ölkəyə daxil olmuş jurnalistlərin peşə fəaliyyətinə maneələrin törədilməsi həm yerli, həm də beynəlxalq qanunvericiliklə qadağandır. Həmin jurnalistlərə münasibətdə İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsi (ifadə azadlığı) kobud şəkildə pozulmuşdur. Bundan əlavə, hansısa qanunda akkreditasiyanın nəzərdə tutulması hələ o demək deyil ki, bu müddəa ədalətlidir. Əslində bu müddəa Azərbaycanın qoşulduğu və ratifikasiya etdiyi beynəlxalq normativ hüquqi aktlara ziddir və jurnalistlərin məlumat əldə etmək azadlığını məhdudlaşdıra bilməz.  

 

RATİ bəyan edir ki, xarici jurnalistlərin fəaliyyətinə mane olma və onların saxlanılması Azərbaycanın onsuz da yüksək olmayan beynəlxalq imicinə növbəti bir zərbədir. Bu cür addım Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar, xüsusilə Avropa Şurası qarşısında söz və ifadə azadlığı sahəsində üzərinə götürdüyü öhdəliklərə də birmənalı olaraq ziddir.

 

RATİ hesab edir ki, Mətbuat Şurasının jurnalistlərin saxlanılmasına haqq qazandırması yolverilməzdir və Şuranı bu cür açıqlama ilə çıxış etdiyinə görə qınayır. RATİ bəyan edir ki,  Mətbuat Şurasının bu cür qeyri-sağlam mövqeyi bu qurumun tamamilə hakimiyyətin nəzarəti altında olduğunu göstərir.

 

               RATİ Azərbaycan hakimiyyətindən bu cür münasibətdən əl çəkməyi və jurnalistlərin peşə fəaliyyətini həyata keçirmələri üçün şərait yaratmağı tələb edir. RATİ adları çəkilən jurnalistlərin dərhal sərbəst buraxılmalarını və onların fəaliyyətinə maneələrin törədilməməsini tələb edir. RATİ eyni zamanda beynəlxalq ictimaiyyətə müraciət edərək bu məsələ ilə bağlı mövqe bildirməyə və bu cür hadisənin təkrarlanmamağı üçün səylər göstərməyə çağırır.

 

Previous Post

İSVEÇLİ JURNALİSTLƏR AZƏRBAYCANDAN DEPORTASİYA OLUNDU

Next Post

RATİ VƏ DEMOKRATİYA MONİTORU TƏŞKİLATININ BİRGƏ BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.