REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ İNSAN HÜQUQLARI KLUBUNUN BİRGƏ BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və İnsan Hüquqları Klubu (İHK) hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, millət vəkili Bəxtiyar Sadıqovun Azərbaycanda facebook və twitter kimi sosial şəbəkələrin məhdudlaşdırılmasının zəruriliyi ilə bağlı açıqlamasından narahatdır və bunu ifadə azadlığı üçün təhlükə hesab edirlər.

Eyni zamanda parlamentin rəsmi nəşri “Azərbaycan” qəzetinin baş redaktoru olan Sadıqov avqustun 16-da “Salamnews”-a verdiyi açıqlamada bildirib ki, Böyük Britaniyanın  baş nazirinin ölkəsində sosial şəbəkələrin məhdudlaşdırılması barədə təşəbbüsü Azərbaycan deputatlarının səylərini artıracaq. “…Azərbaycanda qanunla sosial şəbəkələr nəzarətə götürülməlidir. Mən Azərbaycanda internetin əleyhinə deyiləm, amma bəzi sosial şəbəkələrin özbaşınalığının qarşısının alınmasını istəyirəm… Azərbaycanda internet və digər sosial şəbəkələrə məhdudiyyət qoyulmur. Amma bu son dövrdə yaranan sosial şəbəkələrdən – “Facebook” və “Twitter”in müəyyən mənada təhlükələr törətməsi heç kimə sirr deyil… Ona görə də Böyük Britaniyada olduğu kimi Azərbaycanda da sosial şəbəkələr məhdudlaşdırılmalıdır. Mən Böyük Britaniyanın baş nazirinin ölkədə sosial şəbəkələrin məhdudlaşdırılması barədə qərarını düzgün və vaxtında atılan addım hesab edirəm. Çünki, bu yaxınlarda Böyük Britaniyada baş verən kütləvi ixtişaşlar zamanı yüzlərlə insan küçələri dağıdaraq, cinayətlər törədərək ictimai asayişi pozublar. Bütün bunlara səbəb isə onların sosial şəbəkələrdən istifadəsi olub”.

RATİ və İHK bəyan edir ki, bu açıqlama adları çəkilən sosial şəbəkələrin birdəfəlik qapadılmasına yönəlib, belə ki, həmin saytların başqa şəkildə məhdudlaşdırılması və ya onlara məhdudiyyət qoyulması mümkün deyil. Bu isə Azərbaycan vətəndaşlarının alternativ məlumatlar əldə etmək, müxtəlif problemləri müzakirə etmək və öz fikirlərini ifadə etmək hüququndan məhrum edəcək. Belə ki, Azərbaycanda müstəqil və müxalif fikirli şəxslər üçün bu hüquqlardan başqa virtual məkanlarda və ya KİV-də etmək mümkün deyil. Bu sosial şəbəkələrin qapadılması faktiki olaraq vətəndaşların məhdudlaşdırılan sərbəst toplaşmaq azadlığının daha da məhdudlaşdırılmasına xidmət edəcək. Belə ki, bu ilin mart və aprel aylarında Azərbaycanda keçirilən dinc aksiyalar məhz sosial şəbəkələr vasitəsilə təşkil edilmişdi.

RATİ və İHK xatırladır ki, bu il mayın 3-də (Beynəlxalq Mətbuat Azadlığı Günü) YUNESKO tərəfindən keçirilən tədbirdə Vaşinqton bəyannaməsi qəbul edilib və bu sənəddə İnternetin və sosial şəbəkələrin demokratik müzakirələr və vətəndaş iştirakçılığı üçün əhəmiyyəti vurğulanıb. Eyni zamanda RATİ və İHK xatırladır ki, Böyük Britaniyanın baş nazirinin qeyd edilən təşəbbüsü təşəbbüs olaraq qalmaqdadır və heç bir dəstək qazanmayıb.

RATİ və İHK Azərbaycan hakimiyyətini sosial şəbəkələri bağlamaqdan çəkinməyə və ölkədə onsuz da məhdudlaşdırılan ifadə azadlığını daha da məhdudlaşdırmamağa çağırır. RATİ və İHK ifadə azadlığının təmin edildiyi Böyük Britaniyanın baş nazirinin bu cür təşəbbüslərlə çıxış etməkdən çəkinməyə və bununla da ifadə azadlığını məhdudlaşdırmaq istəyən ölkələrin rəhbərliyinə bəhanə verməməyə çağırır.     

Previous Post

RUSLAN BƏŞİRLİNİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Next Post

BAKI BAYIL YAMACI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.