2012-ci il ərzində bir çox jurnalistlər fiziki təzyiqlərə və hədə-qorxuya məruz qalıblar. Peşə fəaliyyətinə görə jurnalistlərə qarşı edilən təqiblərə pis nümunə kimi Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayılova və RATİ əməkdaşı İdrak Abbasovun işini göstərmək olar.
Media nümayəndələrinə qarşı qanunsuz əməllər ilə bağlı çoxsaylı şahidlər olduğu halda baş verən hadisələrlə bağlı tam cəzasızlıq halı müşahidə edilir. Belə ki, bir neçə həftə bundan əvvəl müxalifətin keçirdiyi etiraz aksiyası zamanı bir neçə jurnalist çoxsaylı şahidlərin gözü qarşısında polis əməkdaşları tərəfindən təzyiqə məruz qalıb. Baxmayaraq ki, üzərində “Press ” yazılan xüsusi gödəkçədə olan jurnalistlərin polislər tərəfindən döyüldüyünü açıq-aşkar nümayiş etdirən çoxsaylı foto və video görüntülər Daxili İşlər Nazirliyinin rəhbərlliyinə təqdim edilib, ancaq həmin polislər cəzalandırılmayıb.
2005-cı il martında odlu silahla qətlə yetirilən “Monitor ” jurnalının baş redaktoru Elmar Hüseynovun və 2011-ci ilin noyabrında aldığı bıçaq zərbələri ilə həyatını itirən tanınmış jurnalist, yazıçı-publisist Rafiq Tağının qatilləri tapılmayıb, sifarişlə yerinə yetirilən və geniş rezonans yaradan bu cinayət işləri hələ də açılmamış olaraq qalır.
Onu da qeyd etmək lazımdır ki, hazırda 9 jurnalist və 3 hüquq müdafiəçisi siyasi sifarişli həbslərin qurbanlarıdır. Bunların sırasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Tolişi-Səda” qəzetinin baş redaktoru Hilal Məmmədov və hüquq müdafiəçisi Vidadi İsgəndərov da var.
2012-ci il ərzində Azərbaycan hakimiyyəti bir sıra qanunlara ciddi dəyişiklik edib və bu dəyişikliklər də informasiya azadlığı sahəsində olan vəziyyətin daha da pisləşməsinə gətirib çıxarıb. Qeyd etmək lazımdır ki, İnsan Hüquqları üzrə Müvəkkil və eyni zamanda İnformasiya müvəkkili səlahiyyətlərini yerinə yetirməli olan Azərbaycan Ombudsmanı əslində onun üzərinə düşən vəzifələri faktiki olaraq yerinə yetirmir və öz işini siyasi hakimiyyətin maraqlarına uyğun şəkildə həyata keçirir.
Ciddi narahatçılıq doğuran məqamlardan biri də Azərbaycanın dövlət, ictimai və özəl telekanallarında plüralizmin olmamasıdır, bu isə 2013-ci ilin oktyabrında prezident seçkilərinin həqiqətən də ədalətli şəkildə keçiriləcəyini qeyri-mümkün edir.
Azərbaycanda ifadə azadlığının həyata keçirilməsi üçün kiçik ümid yeri internetdir. Amma internetdə də hakimiyyətin repressiv təzyiqi hiss olunur ki, bu da internet istifadəçilərinin qismən özünü senzurasına gətirib çıxarır.
Bu gün, Beynəlxalq İnsan Hüquqları Günündə biz növbəti dəfə Azərbaycan hakimiyyətini siyasi iradə nümayiş etdirməyə, həbsdə olan bütün jurnalist və hüquq müdafiəçilərini azad etməyə, jurnalistlərin qatillərini, eyni zamanda jurnalistlərin öz peşə fəaliyyətini sərbəst həyata keçirməyə əngəl törədən şəxsləri cəzalandırmağa və yerli qanunvericilik bazasını beynəlxalq standartlar və öhdəliklərə uyğunlaşdırmağa çağırırıq.
Biz həmçinin, ATƏT, Avropa Şurası, Avropa Birliyi və BMT-nin simasında beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətinin ifadə azadlığı sahəsindəki öhdəliklərini yerinə yetirilməsi ilə bağlı daha tələbkar olmağa çağırırıq.