“Xeber44.com” saytının rəhbəri jurnalist Araz Quliyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu barədə bu gün (11 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Fariz Namazlı məlumat verib.
“Ona Cinayət Məcəlləsinin (CM) 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), , 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələrində nəzərdə tutulan ittihamlar irəli sürülüb. Araz Quliyev bu ittihamlarla razı olmadığını bildirib, həbsinin jurnalist fəaliyyəti və dindar olması ilə izah edib. Bundan əlavə, Araz Quliyevə rəhbəri olduğu “Xeber44.com” saytından götürülmüş bəzi məqalələrin ekspertizası ilə bağlı rəy elan olunub. Rəyə görə, həmin məqalələrdə hakimiyyətə qarşı tənqiqi fikirlər yer alıb, insanlar arasında nifrət hisslərinin yaranmasına xidmət edir”, – deyə bildirən F. Namazlı Araz Quliyevin ekspertiza rəyinə də etiraz etdiyini bildirib.
Xatırladaq ki, Araz Quliyev sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkdə, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulub.