JURNALİST SAXTAKAR MÜSTƏNTİQLƏRİN MƏSULİYYƏTƏ CƏLB EDİLMƏSİNİ TƏLƏB EDİR

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayev Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova rəsmi müraciət edib. Bu barədə bu gün (15 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Anar Qasımov məlumat verib.

Onun sözlərinə görə, müraciətdə Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında bəraət aldığı işlər üzrə vaxtilə araşdırma aparmış və barəsində qərarlar qəbul etmiş müstəntiqlərə cinayət işinin açılmasını baş prokurordan tələb edib.

Vəkil onu da qeyd etdi ki, Ədliyyə Nazirliyi məhbus jurnalist Eynulla Fətullayevin nazir Fikrət Məmmədova ünvanladığı məktuba reaksiya verib: “Penitensiar xidmətin əməkdaşı  Bakı İstintaq Təcridxanasında saxlanılan Eynulla Fətullayevlə görüşüb. Lakin məlum müraciətlə bağlı araşdırmalar aparıldığından, görüşün təfərrüatları barədə mətbuata məlumat verilmir”.

Habelə A.Qasımov Eynulla Fətullayevin müxtəlif səpkili hədələr almasını ona bildirdikdən sonra bu barədə təcridxana rəhbərliyinə müraciət etdiyini də dedi: “Fevralın 12-də təcridxana rəhbərliyinə rəsmən müraciət etdim. Hazırda bu istiqamətdə araşdırma gedir”.

Qeyd edək ki, Eynulla Fətullayev, Penitensiar Xidmətin sabiq rəisi Nazim Ələkbərova və Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqova müraciət  ünvanlanmışdı. Eynulla Fətullayev yaxın vaxtda Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülməli olduğunu xatırladıb, bir sıra cəzaçəkmə müəssisəsində onun həyatı üçün real təhlükələrin gözləndiyi barədə məlumat verib və Cəzaların İcrası Məcəlləsinin müvafiq maddələrinə istinad edərək məhkəmə və hüquq-mühafizə orqanlarının sabiq işçilərinin saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsini xahiş edib.

 Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

            Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib. 

Previous Post

İCTİMAİ BİRLİYİN QEYDİYYATI MƏSƏLƏSİNƏ RAYON MƏHKƏMƏSİNDƏ BAXILACAQ

Next Post

DALĞA GƏNCLƏR HƏRƏKATININ 5 Cİ QURULTAYIno comment 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.