JURNALİST FƏRƏMƏZ NOVRUZOĞLU 4 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

avqust 23rd, 2012
Bu gün (22 avqust) Nizami rayon Məhkəməsində hakim İmran Burcayev jurnalist
Fərəməz Novruzğlunun (Allahverdiyev) 4 il 6 ay müddətinə azadlıqdan məhrum
edilməsi barədə hökm çıxardı.

Məhkəmənin hökmü ilə F.Novrozoğlu Cinayət Məcəlləsinin 220.2-ci (Kütləvi
iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə – güya
F.Novrozoğlu gənclərin 2011-ci ildə təşkil etdikləri “11 mart böyük xalq günü” aksiyasi
ərəfəsində facebook sosial şəbəkəsində Elçin İlqaroğlu təxəllüsü ilə xalqı kütləvi iğtişaşa
dəvət edib, özünü isə aksiya zamanı yandıracağını bildirib) və 318.1-ci (Azərbaycan
Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan
və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə – güya
F.Novrozoğlu 2010-cu ilin noyabrından 2011-ci ilin oktyabr ayına qədər qanunsuz
olaraq Azərbaycan Türkiyə sərhədini keçib və orada qanunsuz yaşayıb) maddələri ilə 4
il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Habelə üzərinə Nərimanov rayon
Məhkəməsinin 2010-cu il 5 noyabr tarixli qərarı ilə 1350 manat məbləğində çıxarılmış
cərimə qərarının icrası, son məhkəmə prosesi ilə bağlı çəkilmiş 70 manatlıq ekspertiza
xərclərinin ödənilməsi öhdəliyi də qoyulub. Məhkəmənin hökmü ilə F.Novrozoglu
cəzasını ciddi rejimli həbsxanada çəkməli olacaq.
Belə ki, bu gün təyin olunmuş vaxtdan təxminən 2 saat sonra baş tutan məhkəmə
prosesi məhkəmə icraçılarının ciddi nəzarəti altında keçirilib. Hətta məhkəmə zalındakı
qəfəsdə F.Novruzoğlu ilə bərabər 3 nəfər məhkəmə nəzarətçisi də var idi. Amma
F.Novrozoğlu son sözünü yalnız məhkəmə icraçılarının qəfəsi tərk edəndən sonra
deyəcəyi tələbindən sonra nəzarətçilər qəfəsi tərk etdi.
Son sözündə F.Novruzoğlu yazdığı “Azərbaycandan İtaliyaya göndərilən neftin
taleyi” və “Rusiyadan gələn şamlar hara gedir?” məqalələrində ölkə rəhbərliyinin ciddi
tənqid etdiyinə görə saxta ittihamlarla həbs edildiyini dedi. Baxmayaraq ki, bu yazılara
görə ona qarşı ittiham irəli sürülməyib. F.Novruzoğlu ona qarşı irəli sürülən 220.2 –ci
maddə üzrə ittihama münasibətində isə qeyd etdi ki, o ümumiyyətlə Elçin İlqaroğlu
ləqəbi ilə facebookda fəaliyyət göstərməyib və bu fakt onun şəxsi kompyuteri və
müştərisi olduğu internet klubun baxış üçün götürülmüş 3 ədəd kompyüterin heç
birində aşkarlanmayıb. Ona qarşı irəli sürülən 318.1 ci maddə ilə ittihama gəldikdə isə
F.Novrozoğlu bunu da absurd hesab etdi. O ittiham üzrə Türkiyədə olduğu göstərilən
ərəfədə dəfələrlə İran İslam Respublikasından keçməklə Naxçıvan Muxtar
Respublikasına və muxtar respublikadan Bakıya gəldiyini, bu barədə sərhəd keçid
məntəqələrinin müvafiq qeydlərinin pasportunda olduğunu, habelə bu dövr ərzində
muxtar respublikada yaşaya-yaşaya Bakıya ailəsi üçün 7 dəfə pul göndərdiyini və ona
qarşı məhkəmə qərarları üzrə çıxarılmış cərimələri dövlətə ödədiyini, pasportu, eləcə
həyata keçirdiyi ödənişlərin qəbzlərini məhkəməyə təqdim etdiyi dedi. Son olaraq
sifarişlə ittiham olunduğunu, buna baxmayaraq hakimdən ədalət istədiyini və ona
bəraət verilməsini məhkəmədən xahiş etdi.