Bu gün (14 dekabr) Masallı rayon Məhkəməsində hakim Nemət Musayevin sədrliyi ilə Milli Məclisin deputatı Novruzəli Aslanovun "Tribuna" İnformasiya Agentliyinin (www.tia.az) baş redaktoru Əlişir Əhədə qarşı qaldırdığı iddia qismən təmin edilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Əlişir Əhədin özü məlumat verib.
Belə ki, hakim N.Musayev Əlişir Əhədin 20 min manat məbləğində cərimə edilməsi barədə qərar verib. Ə. Əhəd qeyd etdi ki, baş redaktor olduğu saytın bu məbləği ödəmək imkanı yoxdur və hakimin bu qərarından apellyasiya şikayəti verəcək.
Xatırladaq ki, deputat Novruzəli Aslanov 13 noyabr 2010-cu il tarixində "Tribuna" İnformasiya Agentliyinin (tia.az) saytında gedən “86 saylı dairədə daş qayaya rast gəlib” başlıqlı yazıda onun şərəf və ləyaqətinin təhqir edildiyini əsas gətirərək, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə jurnalistin cəzalandırılması və 20 000 (min) manat məbləğində cərimə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdi.