JURNALİST XƏDİCƏ İSMAYILOVA ŞANTAJ EDİLİR

Martın 7-də “Azadlıq”  radiosunun əməkdaşı Xədicə İsmayılovanın ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib.

Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Şantajçılar  jurnalistin özünü yığışdırmayacağı təqdirdə onun rüsvay olacağını yazırlar. Bu barədə X.İsmayılova özünun  facebook  səhifəsində yerləşdirdiyi bəyanatda bildirilir.
“Bu təhdid sürpriz deyildi. Uzun müddətdir, jurnalist araşdırmaları aparıram. O cümlədən, prezident İlham Əliyevin ailə üzvlərinin gizli bizneslərini araşdırmışam, ən yüksək səviyyədə korrupsiya ilə bağlı faktlar üzə çıxarmışam, hakim ailənin üzvlərinin ofşor biznesləri barədə gizlinləri açmışam.  Hazırda da ciddi araşdırma mövzuları üzərində işləyirəm. Ardıcıl olaraq, hökumət qəzetlərində əleyhimə yazılar dərc edilir, haqqımda böhtanlar yayılır. İndiyə qədər ünvanıma erməni qohum-əqrəba, xarici kəşfiyyatla əməkdaşlıq kimi absurd ittihamlar səsləndirilib.  Buna qədər jurnalist həmkarlarım haqqında şantaj xarakterli məlumatlar yayılıb və mən dövlətin malını, xalqın pulunu və yaxşı yaşamaq imkanlarını yağmalayan adamların mənə qarşı yeni çirkin şantaj metodlarından istifadə edəcəyini gözləyirdim. Bunu göz altına almışdım və buna hazır idim”, – deyə qeyd edən X.İsmayilova bəyan edib ki, heç bir şantaj və qara yaxma kampaniyasından qorxan deyil və işini davam edəcək.
Məsələ ilə bağlı “Azad Avropa/ Azadlıq” radioları korporasiyası bəyanat yayaraq Xədicə İsmayılovaya qarşı təzyiqləri kəskin pisləyib. Korporasiyanın prezidenti Steven Korn baş verənləri  “mədəni cəmiyyət üçün yolverilməz olan iyrənc şantaj cəhdi” adlandıraraq, bildirib: "Biz Xədicə ilə fəxr edir, onu və onun fəaliyyətini tam dəstəkləyirik” .

Bu çirkin şantaj əməlini  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu da kəskin qınayır. RATİ hesab edir ki, tanınmış və peşəkar jurnalist Xədicə İsmailovanı şantaj etmək cəhdi, onun  şəxsi həyatına qeyri qanuni müdaxilədir və bu çirkin əməlin arxasında Azərbaycan xüsusi xidmət orqanları durur.

Previous Post

İCTİMAİ PALATA SİYASİ MƏHBUSLARIN AZADLIĞINI TƏLƏB EDİR

Next Post

RATİ-NİN XƏDİCƏ İSMAYILOVAYA QARŞI ŞANTAJ KAMPANİYASINA DAİR BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.